Bakı üçün tarixi şans: Nikol Kremllə əlaqələri dağıdır...

20.07.2018 15:05     Dünyadan reaksiya     1549

Qarabağ konflikti başlayandan bu günə kimi Azərbaycan üçün ən əlverişli imkanlar və şərait yaranıb. Bu da bizə imkan verir ki, torpaqlarımızı işğaldan azad edək.

Bu sözləri Reaksiya.az-a “Lenta.ru” nəşrində politoloq Konstantin Lyapunovun məqaləsinə münasibət bildirən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, Lyapunovun sözügedənməşhur məqaləsi hansısa fövqəladə və istisna hal deyil:

“Bu tipli məqalələr indi Rusiyanın müxtəlif KİV-lərində demək olar ki, hər gün çap olunur. Hətta Ermənistanın özündə belə bu günlərdə Paşinyanı dəstəkləyən saytlarda da buna bənzər münasibətləri görürük. Bunun da çox sadə bir səbəbi var. Ona görə ki, Nikol Paşinyanın rəhbərliyi altında baş vermiş “inqilab”dan sonra Ermənistan cəmiyyətində çox ciddi eyforiya var idi və illuziyalarla dolu əhval-ruhiyyə hökm sürürdü. O illüziyalar çox qısa bir müddətdə dağılmağa başladı. Bu “inqilab”dan sonra Paşinyanın və onun tərəfdarlarının irəli sürdüyü yanaşma belə idi ki, Ermənistan bir tərəfdən Rusiya ilə əlaqələri qoruyub saxlayacaq, Rusiyanın hərbi bazalarını öz ərazisində saxlamağa davam edəcək, KTMT və Avrasiya İqtisadi Birliyində üzvlükdə qalacaq, Rusiya ilə həm hərbi, həm iqtisadi münasibətləri inkişaf etdirəcək, paralel olaraq iqtisadiyyatın dirçəlməsi üçün Qərb ölkələrinin də Ermənistana külli miqdarda investisiyalar qoymasına şərait yaranacaq. Hətta o dövrdə bu bəyanatlara həm Ermənistanın özündəki bəzi ekspertlər, həm də dünyada diplomatlar istehza ilə yanaşırdılar. Çünki eyni zamanda iki stolda oturmaq mümkün deyil”.

E.Namazov vurğulayıb ki, son hadisələr də sürətlə bu faktı sübut etdi:

“Paşinyan Brüssel səfərində çox böyük fiaskoya uğradı. O, təyyarədə jurnalistlərə verdiyi müsahibələrdə də bunu gizlətmədi. Açıq-aydın dedi ki, Avropadan və ABŞ-dan tamam başqa dəstəyi gözləyirdik, onlar isə bizə böyük dəstək verməkdən çəkinirlər. Paşinyanın bu bəyanatına AB-nin Ermənistandakı nümayəndəsi çox məntiqli cavab verdi. Paşinyana izah etdi ki, əgər Ermənistan xarici siyasətində heç bir dəyişiklik etmirsə, ABŞ və Avropaya münasibətində heç bir dəyişiklik yoxdursa, onda Avropa və ABŞ-ın Ermənistana münasibətində niyə dəyişiklik olmalıdır?! AB tərəfindən bir neçə gün bundan əvvəl elan olunan Ermənistana dəstək proqramı 4 il üçün 160 milyon avrodan ibarətdir. Bu o deməkdir ki, ildə təxminən 40 milyon avro Ermənistana AB tərəfindən ayrılıb. Bir dövlət ildə 40 milyon avro ilə heç nə edə bilməz. Bu pulla bir dövlətin nə iqtisadi modelini yeniləşdirmək, nə də böyük islahatlar keçirmək mümkündür. Azərbaycanda xırda bir dövlət qurumunun büdcəsi bundan qat-qat çoxdur”.

E.Namazov vurğulayıb ki, illüziyaların tez bir müddətdə dağılması Qarabağ məsələsinin həllinə birbaşa təsir edə bilər:

“Bu günə qədər Azərbaycan torpaqlarının işğal altında qalmasının yeganə ciddi səbəbi ondan ibarətdir ki, Ermənistan Rusiyanın hərbi müttəfiqi idi. Rusiya çalışırdı ki, Ermənistan bu müharibədə məğlub olmasın. Rusiyanın müttəfiqi kimi Ermənistan məğlub olsaydı, bu imic Rusiyanın xarici siyasətinə zərbə olardı. Ancaq indi biz görürük ki, Rusiya ilə Ermənistan arasında ciddi qarşıdurma yaranıb. Bu günlərdə 102 nömrəli hərbi bazanın ətrafında baş verən qalmaqal da təsadüfi deyildi”.

E.Namazovun sözlərinə görə, Paşinyanın bu gün apardığı siyasət Ermənistanı Rusiyanın hərbi və Qarabağ məsələsində dəstəyindən məhrum edəcək:

“Ermənistan başa düşür ki, Azərbaycan öz torpaqlarını azad etməyə hazırdır və Azərbaycan Ordusunun buna gücü çatır. Azərbaycanın addımlarını ləngidən bir amil varsa, o da Ermənistanın Rusiya ilə hərbi müttəfiqliyi və Rusiyanın Ermənistana verdiyi ciddi zəmanətdir. Doğrudur, beynəlxalq hüquq normalarına görə, bu zəmanət Qarabağın ərazisinə şamil oluna bilməz. Ancaq bütün hallarda Rusiya hər zaman çalışırdı ki, ona müttəfiq olan bir ölkə çox ağır məğlubiyyəti yaşamasın. Ancaq indi bu hal artıq sual altındadır. Bu da Azərbaycan üçün beynəlxalq aləmdə tanınan ərazi bütövlüyünü bərpa etməyə böyük imkanlar yaradır”.

Şərhlər