Krımda törədilən terror nəticəsində ölənlərin sayı 19-a çatıb

Krımın şərqində yerləşən Kerç şəhərinin politexnik kollecinə hücum nəticəsində həlak olanların sayı 19 nəfərə çatıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisənin təfərrüatları açıqlanıb. Agentliyin məlumatına görə, oktyabrın 17-də günorta saatlarında kollecin şagirdlərindən biri binada partlayış törədib və ətrafdakılara atəş açıb.

Hücum zamanı 19 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird intihar edib. Onun cəsədi binanın ikinci mərtəbəsindəki kitabxanada aşkarlanıb.

Rusiya İstintaq Komitəsi əvvəlcə terror aktı maddəsi üzrə cinayət işi açıb. İlkin məlumata görə, təhsil müəssisəsinin yeməkxanasında içərisinə metal hissəciklər doldurulmuş partlayıcı qurğu işə düşüb. Komitədən bildirilib ki, kollecdə olanlar odlu silahdan açılan atəş nəticəsində aldıqları yaralardan ölüblər. Sonradan cinayət işi ölüm haqqında maddəyə dəyişdirilib. Krımda faciə ilə bağlı üçgünlük matəm elan olunub.

Rusiya Prezidenti Vladimir Putin faciə nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib, müvafiq təşkilatlara zərərçəkənlərə lazımi kömək göstərməyi tapşırıb.

Kerçin bütün sosial obyektləri yüksək hazırlıq rejiminə keçirilib, şəhərin müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər