Rus deputat erməniləri fakt qarşısında qoydu - Şərh

26.10.2018 17:17     Dünyadan reaksiya     801

Son zamanlar Rusiyada Qarabağ ətrafındakı proseslərə obyektiv yanaşma nəzərə çarpır.

Bu sözləri Rusiya Dumasının deputatı Dmitri Savelyevin VI Bakı Beynəlxalq Humanitar Forumuda Aprel hadisələri ilə bağlı çıxışına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Savelyev kimi vicdanlı siyasətçilərin bölgədəki həqiqətlərə obyektiv yanaşmaları problemin həllində yardımçı rol oynaya bilər:

“Ermənilər dəfələrlə tarixi həqiqətləri danıblar və az qala tarixin hər səhifəsində təhriflərə yer veriblər. Ancaq zaman keçdikcə ermənilərin bu saxtalaşdırmalarının üstü açılıb və işğalçı hər səfərində rüsvayçı bir vəziyyətə düşüb. Aprel hadisələri də bu qəbildən olan məsələlərdəndir. Dördgünlük müharibədən sonra başda Serj Sərkisyan olmaqla, Ermənistanın müdafiə nazirinə qədər bütün rəsmilər bir ağızdan bildirirdilər ki, ciddi hadisə baş verməyib, Azərbaycan Ordusunun hücumlarının qarşısı alınıb və ələ keçirilən 2 min hektar ərazinin heç bir strateji əhəmiyyəti yoxdur. Halbuki həmin dövrdə Azərbaycan Ordusu Talış yüksəkliyində 14 strateji, Füzuliylə Cəbrayıl arasındakı Lələtəpə yüksəkliyini və bütövlükdə ümumi sahəsi 14 min kvadrat metr ərazini geri qaytardı. Ermənilər bir müddət uydurduqları yalanlarla təsəlli tapsalar da, sonradan onlar üçün acı olan bu həqiqətlərlə barışmaq reallığı ilə üz-üzə qaldılar”.

Politoloq bildirib ki, Savelyevin Aprel hadisələri ilə bağlı son açıqlaması ortaya yeni bir fakt qoyur:

“Son zamanlar Rusiyada Qarabağ ətrafındakı proseslərə obyektiv yanaşma nəzərə çarpır. Bu isə özlüyündə Rusiyanın Qarabağa baxışının dəyişməsindən xəbər verir. Belə ki, ermənilərin və erməni yalanlarının birbaşa rusların dilindən ifşa edilməsi Bakının xeyrinədir. Fikir verirsinizsə, Rusiyada son zamanlar bu yöndə düşünən siyasətçilərin sayı artmaqdadır. Saxtakarlığı özlərinə peşə etmiş ermənilər bu dəfə yaxın dövrlərdə baş vermiş Aprel zəfərini saxtalaşdıraraq dünya ictimai rəyini çaşdırmağa cəhdlər edirlər. Ancaq bunun məhz rusiyalı deputat tərəfindən özəlliklə VI Bakı Beynəlxalq Humanitar Forumda bir daha ifşa edilməsi işğalçının cılız təbiətini, kasıb mənəviyyatını faş edir. Bu həm də sözügedən forumun əhəmiyyətini artırır. Ümidvarıq ki, bu cür müsbət meyillər getdikcə artacaq”. (Axar)

Şərhlər