Fransadakı etirazlar nəticə verdi - Yanacaq bahalaşmayacaq

17 noyabrdan etibarən paytaxt Paris daxil olmaqla, bütün Fransa ərazisini bürüyən “sarı gödəkçələr” etiraz aksiyaları nəticəsində Fransa hökuməti yanacaq vergilərinin artırılmasını dayandıracaq.
Bu barədə Fransa hökumətindəki mənbə “Reuters”ə bildirib. Mənbənin sözlərinə görə, bu gün Fransanın baş naziri Eduard Filip yanacaq qiymətlərinin artırılmayacağı barədə rəsmi bəyanatla çıxış edəcək. 

Qeyd edək ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində yüz minlərlə taksi sürücüsü benzinin bahalaşmasına və sosial xərclərin çoxalmasına qarşı çıxaraq “sarı gödəkçələr” adlı etiraz aksiyası keçiriblər. Bir sıra tələbələr və digər peşə sahiblərinin nümayəndələri də onlara qoşulublar. Aksiyalarda prezident Emmanuel Makronun istefası da tələb olunub.



Təkcə 1 dekabrdakı Paris etirazlarında polislə toqquşmada 412 nümayişçi saxlanılıb, 133 nəfər yaralanıb. Xəsarət alanlardan 23-ü polis əməkdaşları olub. Həbs olunan etirazçılardan 139-u məhkəmə qarşısına çıxarılacaq.

Paris meriyasının məlumatına görə,1 dekabrda etirazçıların şəhərə vurduğu ziyanın ümumi həcmi 3-4 milyon avro təşkil edib. Həmçinin, Fransadakı etirazlar zamanı nümayişçilər “Total” neft-qaz şirkətinə məxsus 11 yanacaq anbarına girişi bloklayıblar. Nəticədə bəzi yanacaqdoldurma məntəqələrində benzin və dizel qıtlığı yaşanıb.

 
Advertisement Banner

Şərhlər