Putin və Paşinyan niyə razılaşa bilmədilər? - EKSPERT ŞƏRHİ

10.01.2019 13:18     Dünyadan reaksiya     783

Dekabrın sonlarında Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Moskvaya təcili səfər etdi. Vladimir Putin və Paşinyan görüşündə müzakirə ediləcək iki əsas məsələ kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibi postuna namizəd və Rusiya qazının Ermənistana satılması göstərilirdi.

KTMT baş katibi postuna Belarusdan olan namizədi ötən ilin dekabrında Ermənistan istisna olmaqla, təşkilatın bütün ölkələri qəbul edib və təsdiqləyib. Məlumdur ki, Yerevan öz namizədini təkidlə dəstəkləyir. 

Oxu.Az “Moskva-Bakı” nəşrinə istinadən xəbər verir ki, Putin və Paşinyan arasında Moskvada baş tutan görüş jurnalistlər üçün qapalı keçirilib.

 

Paşinyan görüşün nəticələrinə uyğun olaraq, bildirib ki, qaz məsələsi ilə bağlı razılaşmaq mümkün olmayıb. Bir müddət sonra isə erməni lider bəyan edib ki, Moskva səfərindən sonra rusiyalı liderlə iki dəfə telefonla danışıb və nəticədə qazın qiymətinin aşağı salınması deyil, əksinə, qaldırılması baş verib. Belə ki, yanvarın 1-dən Ermənistan aldığı Rusiya qazının hər min kubmetrinə görə 150 dollar əvəzinə, 165 dollar ödəməli olacaq. 

Paşinyan danışıqların bu cür nəticəsinə qəribə reaksiya verib və belə bir bəyanatla çıxış edib:

“Mən şadam ki, bu mərhələdə belə bir qərar gələ bildik”.

Daha sonra əlavə edib:

“Ermənistan istehlakçıları üçün qazın qiymətində heç bir dəyişiklik olmayacaq”. 

Yanvarın əvvəlində Yerevan vəziyyəti növbəti dəfə aydınlaşdırmağa çalışdı. Belə ki, Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyanın sözlərinə görə, Ermənistan istehlakçıları üçün rus qazının qiyməti “Qazprom” şirkətinin podratçısı olan “Qazprom Ermənistan” şirkətinin xərclərinin azalması səbəbindən qalxmayacaq. 

Xatırladaq ki, noyabrda Ermənistanda “Qazprom Ermənistan” QSC-yə qarşı cinayət işi başlanmışdı. Şirkət külli miqdarda vergidən yayınmada ittiham edilirdi. Bununla bağlı Ermənistan Dövlət Satınalmaları Komitəsinin saytında məlumat yerləşdirilmişdi. Çoxları o zaman deyirdi ki, Paşinyan bununla Rusiyanı şantaj etməyə çalışır. 

“Qazprom” Ermənistan istehlakçılarının yeganə qaz təchizatçısıdır (Yerevan, həmçinin, İrandan qaz alır, ancaq o, bundan yalnız elektrik enerjisi üçün istifadə edir). 

Yanvarın 7-də məsələ yenidən gündəmə gəldi. Paşinyan jurnalistlərin Moskva ilə danışıqların uğursuzluğa düçar olması sualına belə cavab verib:

“Hansı uğursuzluqdan danışırsınız? Biz uzunmüddətli razılaşmaya imza atmaq üçün danışıqları davam etdiririk. Qazın qiymətinə siyasi kontekstdən baxa bilmərik və ölkəmizin maraqlarını müdafiə etmək üçün hər şey edəcəyik”, - Paşinyan bildirib.

Bununla yanaşı, Ermənistan baş naziri deyib ki, Yerevan İran qazının mümkün idxalı məsələsinin müzakirəsini davam etdirir.

“İran qazının idxalı məsələsi hər zaman gündəmdədir. Biz bu danışıqları konkret və faydalı qərar əldə etməyənədək davam etdirəcəyik”, - erməni hökumət rəhbəri bəyan edib.

Bu fonda Ermənistan 2008-ci il mart hadisələri ilə əlaqədar həbsləri davam etdirir. Ermənistanın tələbi ilə hadisələrdə şübhəli bilinən KTMT-nin baş katibi Yuri Xaçaturov vəzifəsindən uzaqlaşdırılıb və həbs edilib. Bu gün Yerevan 2008-ci il 1 mart hadisələrinin araşdırılması ilə məşğul olan istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutyunyanın həbsi ilə bağlı qərar çıxarıb. 

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azad edilməsi ilə bağlı məhkəmə prosesi bu günə təxirə salınıb. 

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey MarkovPutin və Paşinyan görüşündə qazın qiyməti və KTMT baş katibi məsələsində razılığa gəlinməmə səbəbləri, eləcə də, yaranmış vəziyyətin 2019-cu ildə Rusiya-Ermənistan münasibətlərinə təsiri ilə bağlı fikirlərini bölüşüb. 

Ekspertin sözlərinə görə, Rusiya və Ermənistan liderləri arasında qazın qiymətində razılaşma əldə edilməməsinin birbaşa siyasi səbəbləri var. 

“Putin və Paşinyanın razılaşmamasında səbəb Rusiya rəhbərliyinin Ermənistanın yeni rəhbərliyinə olan inamsızlığıdır. Bu etibarsızlıqdan irəli gələrək, Moskva yaxın vaxtlarda KTMT baş katibi postuna Ermənistan tərəfinin nümayəndəsinin təyin edilməsini istəmədi. Moskva düşündü ki, bu vəziyyətdə gizli informasiyaların xarici xüsusi xidmət orqanlarına ötürülmə riski çox yüksəkdir.

Bu fonda Rusiyanın Ermənistana satdığı qazın qiymətinin əvvəlki kimi qalmasının mənası yoxdur. Moskva qiymətləri qaldırmağı davam etdirəcək və bununla başa salmağa çalışacaq ki, onu Amerikameyilli Ermənistan hökuməti qane etmir. 

Paşinyanın sözlərinə görə, Rusiyanın Ermənistana satdığı qazın qiyməti ilə bağlı heç bir uğursuzluq yoxdur. Ermənistan baş naziri xalqı inandırmağa çalışır ki, Rusiya ilə əlaqələrdə heç bir dramatik vəziyyət yoxdur və hər şey yaxşıdır. Ancaq belə deyil. Və bu, zaman keçdikcə özünü daha çox büruzə verir. İndi Paşinyan deyir ki, Tehranla razılaşsa, İranın Ermənistana qaz idxalı mümkündür. Belə çıxır ki, Ermənistan Rusiya qazına alternativ axtarır və ya özünü elə aparır ki, guya axtarır”, - ekspert bildirib. 

Markov əlavə edib ki, Putin Paşinyanı Yerevanın mövqeyini öyrənmək üçün danışıqlara çağırıb:

“Birbaşa desək, Moskva Ermənistandakı anti-Rusiya prosesinin daha da genişlənəcəyini ehtimal edir. Mixail Saakaşvilini yadımıza salaq, əvvəlcə Rusiyameyilli mövqe göstərsə də, sonradan hər şey dəyişdi. Bu proseslər Ukraynada da yaşanır. İndi isə növbə Ermənistanındır. 

Rusiya rəhbərliyinin belə bir məntiqi var – biz bizə yaxşı münasibət bəsləyən ölkələrlə yaxşı münasibət qururuq. Və əgər bu ölkələrin liderləri özünü başqa cür aparsa, Moskvada çoxlu suallar yaranır. 

Görürük ki, Ermənistanda 2008-ci il mart hadisələri ilə bağlı həbslər davam edir. Və həbs olunan insanlardan çoxu Rusiyameyillidir. Ancaq Paşinyan onları daxili siyasi rəqibləri kimi həbs edir. 

Ümumiyyətlə, Paşinyanın yeritdiyi siyasətin iki versiyası gündəmdədir. Birincisi, bu onun qeyri-peşəkarlığı ilə bağlıdır.

İkincisi, ola bilsin ki, bununla biz Paşinyanın hiyləgər planını görürük və erməni hökumət başçısının bu addımları Rusiya ilə münasibətlərə zərbə endirməyə, Ermənistanı Qərbə aparmağa hesablanıb. 

Ümumilikdə, düşünürəm ki, 2019-cu il Rusiya və Ermənistan münasibətləri üçün çətin il olacaq. Bu, bu əlaqələr üçün yeni bir formanın axtarış ili olacaq. Və bunun nə ilə nəticələnəcəyini demək çətindir, çünki Nikol Paşinyanın özünü necə aparacağı məlum deyil”.

Reaksiya.az

Şərhlər