Netanyahu yenə İranı hədələdi - 3 səbəb

İsrail baş nazir aprel seçkilərinə hazırlaşır, “xarici təhdid” faktoru bu dəfə əleyhinə işləyə bilər

İsrailin baş naziri Benyamin Netanyahu növbəti dəfə İranı təhdid edib. Hazırda baş nazir postu ilə yanaşı, xarici işlər və müdafiə naziri vəzifələrini də tutan Netanyahu deyib ki, onlar İranın harada, nə etdiyini yaxşı bilir və bütün vasitələrlə onun aqressiv planlarına qarşı addım atacaqlar.

Qeyd edək ki, İran İslam İnqilabının 40 illiyi ilə bağlı Tehranda keçirilən mərasimdə İran ordusu rəsmiləri yeni hava-yer tipli “Huveyzə” adlı raketlərini təqdim edib. İRNA-nın xəbərinə görə, raketin nümayiş olunduğu sərgidə çıxış edən İranın müdafiə naziri Əmir Hatəmi yeni raketin imkanları barədə danışıb. Nazir deyib ki, bu raket analoqlarından atəş üçün daha tez hazır olması, alçaqdan uçması səbəbilə radarlar tərəfindən qeydə alınmasının çətinliyi, naviqasiya həssaslığı və böyük dağıdıcı gücə malik olmasını göstərib.

İsrail baş naziri Tehranda nümayiş olunan yeni silahları qəsd edərək İslam Respublikası rəhbərliyini növbəti dəfə hədələyib.

“İran İslam İnqilabının 40 ilini qeyd edir və yeni raketlə lovğalanmağa çalışırlar. Tehran hakimiyyəti İsrail dövlətini məhv etmək niyyətini açıq şəkildə bəyan edir. Harada nə etdiyinizi bilirik. İsrailin təhlükəsizliyini və gələcəyini təmin etmək üçün İrana qarşı bütün vasitələrlə fəaliyyət göstərməyə davam edəcəyik”.

Xatırladaq ki, ötən həftə İran İslam İnqilabının 40 ili münasibəti ilə daha bir yeni silahını, 1300 kilometrlik məsafəni qət edə bilən qanadlı raketini təqdim edib. “Reuters”in məlumatına görə, ABŞ-ın etirazı və Avropa dövlətlərinin narahatlığına baxmayaraq, İran raket proqramının genişləndirilməsi istiqamətində növbəti addım atıb.

Netanyahu ile ilgili görsel sonucu

Tehran dəfələrlə bəyan edib ki, raket proqramı yalnız özünümüdafiə məqsədi daşıyır. Yer-yer tipli bu raket 2015-ci ildə İran ordusuna verilmiş “Soumar” adlı qanadlı raketlər ailəsindəndir. İran inqilab qvardiyası aerokosmik diviziyasının komandanı Əmirəli Hacizadə bildirib ki, yerli mühəndislər qanadlı raketlər üçün lazım olan reaktiv mühərriklərlə bağlı problemləri artıq aradan qaldırıb. Onun sözlərinə görə, İran hazırda lazım olan bütün silahları istehsal edə bilər.

Ancaq aydın məsələdir ki, Netanyahunun bəyanatı yalnız İrandan İsrailə qarşı təhlükənin artması ilə bağlı deyil. Hər iki dövlət arasında qarşılıqlı ittihamlar davam edir. Ötən ay İsrail növbəti dəfə İranın Suriyadakı hərbi birliklərini havadan bombalayıb və bundan sonra baş nazir Benyamin Netanyahu bildirib ki, İran Suriyadakı hərbçilərini və hərbi təchizatını bu ölkədən çıxarmasa İsrail İran mövqelərini vurmaqda davam edəcək.

Məhəmməd Əli Cəfəri ile ilgili görsel sonucu

Məhəmməd Əli Cəfəri 

İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”) komandanı general Məhəmməd Əli Cəfəri isə İsrail baş nazirinin ittihamlarına cavab olaraq deyib ki, İran ordusu Suriyada qalacaq. “Sepah” komandiri deyib ki, rəsmi Tehranın vurğuladığı kimi, İranın Suriyada hərbi bazası yoxdur, lakin hərbi təlimatçılar, müşavirlər və eləcə də silahları var. Və Suriyada İran qüvvələrinin olmadığı dedikdə məhz bazaların olmaması qəsd edilir.

Qeyd edək ki, xüsusən də ABŞ ordusunun Suriyadan çıxarılması ilə bağlı Trampın qərarı elan olunduqdan sonra İsrail rəsmiləri İranın Suriyadakı mövcudluğu məsələsini gündəmə gətirirlər. İsrail tərəfi ABŞ ordusu çıxdıqdan sonra İran və Hizbullahın Suriyada da daha da fəallaşacağından narahatdır.

Bu məsələnin daha pis tərəfi odur ki, Suriyada münaqişə başa çatmaq üzrədir və Bəşər Əsəd hakimiyyətini qoruyub saxlamış kimi görünür. Bu şərtlərdə savaşın bitməsi İsrail üçün təhlükəlidir. Ötən ilin noyabrında baş verən Qəzza əməliyyatı göstərdi ki, “ərəb baharı” prosesində Fələstindəki silahlı qruplar daha da güclənib silah və döyüş təcrübəsi qazanıb. Belə bir vəziyyətdə İsrailin əsas müttəfiqi olan ABŞ-ın Suriyanı tərk etməsi Təl-Əvəvin maraqlarına ziddir.

Bir qədər əvvəl isə İsrail strateji araşdırma mərkəzlərinin yaydığı hesabatda İsrailin 2019-cu ildə qarşılaşa biləcəyi mümkün problemlər sırasında ən ciddi təhdidin İran, Suriya və Hizbullahla baş verəcək müharibə olduğunu qeyd edib. Bundan əlavə, müharibə başlayacağı təqdirdə İsrailin HƏMAS-la da döyüşmək məcburiyyətində qalacağı bildirilib. Hesabatda ABŞ prezidenti Donald Trampın əsgərlərini Suriyadan geri çəkməsindən sonra İsrailin İrana girməsinə ehtiyac yaranacağı vurğulanıb.

Ancaq İsrail dövlətini narahat edən əsas məsələ heç də İranla birbaşa qarşıdurma deyil, İranın Fələstindəki Həmas, “İslami Cihad” və ya Livandakı Hizbullah, eləcə də Suriyadakı silahlı qruplara verdiyi dəstəkdir. İran “müqavimət cəbhəsi” adlandırdığı İsrailə qarşı olan bu qrupları silahlandırır. Hal-hazırda faktiki olaraq İsrail üçün təhlükə yaradan məhz bu qruplardır.

İsrail hakimiyyəti isə buna qarşı hətta Suriyada savaşın gedişində Bəşər Əsədə və Hizbullaha qarşı savaşan islamçı qruplara zaman-zaman dəstək verib və bunu gizlətməyib. Hazırda nə Misir, nə Fələstinin leqal hakimiyyəti olan Fəth Hərəkatı, nə də digər ərəb hakimiyyətləri İsraillə açıq qarşıdurma vəziyyətində deyil. Bu səbəbdən də Netanyahu sərhəddəki silahlı qrupları deyil, onların dəstəkçisi İranı hədəf olaraq göstərir.

Netanyahunun İrana qarşı təhdidinin daha bir səbəbi isə apreldə keçiriləcək seçkilərdir. Məsələ ondadır ki, ötən seçkilərdən sonra keçən dövr ərzində bir siyasətçi kimi Netanyahunun reytinqi xeyli aşağı düşüb. Hətta ötən ilin noyabrında onun hökumət koalisiyasında olan müdafiə naziri Aviqdor Liberman koalisiyadan çıxıb. Bundan sonra Netanyahu XİN rəhbəri postu ilə yanaşı müdafiə naziri vəzifəsini də götürməli olub. Bundan başqa, baş nazir özü və həyat yoldaşı bir neçə dəfə korrupsiya ittihamı ilə dindirilib. Ən əsası radikal şüarlarla hakimiyyətə gələn Netanyahu, demək olar ki, heç nəyə nail olmayıb, ən son olaraq ötən ilin noyabrında Qəzzada başlatdığı əməliyyatı uğursuz olub və hökuməti Həmasa sülh təklif edib. Bütün bunların fonunda hazırkı baş nazirin qalib gəlməsi şansları çox azdır. Lakin bütün sağçı liderlər kimi Netanyahunun qalib gəlməsi üçün ciddi xarici təhlükə olmalıdır. Bu təhlükə isə indi İrandır. Bu səbəbdən də baş nazir indi tez-tez İranı xatırladır. Lakin bunun həm də mənfi tərəfləri ola bilər, çünki rəqibləri bu təhdirlərdən daha da böyük güc alırlar. Bu isə apreldə İsrail seçiciləri tərəfindən əks reaksiya ilə qarşılana bilər.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar