Pentaqon Rusiya ilə savaşda “Troya atı” strategiyasını hazırlayır

22.02.2019 13:22     Dünyadan reaksiya     707

Pentaqon Rusiya və Çinə qarşı aparılacaq müharibənin konsepsiyasını hazırlayır. 

Yeni taktika ölkənin dərinliklərinə gizlicə müdaxilə edilməsini nəzərdə tutur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Telepolis” jurnalı yazıb.

Vaşinqtondakı Brukinq araşdırma institutunda çıxış edən ABŞ hərbi-hava qüvvələri qərargahının rəisi, general Devid Qoldfaynın sözlərinə görə, yeni strategiyanın işlənib hazırlanması prosesi təxminən 1 il çəkəcək və ümumi büdcəsi 135 milyard dollara bərabərdir.

Konsepsiyanın əsas ideyası düşmənin güclü tərəfləri ilə toqquşmadan qaçıb onun ən zəif yerlərinə zərbə endirilməsindən ibarətdir. Qoldfaynın bəhs etdiyi kimi, burada ABŞ ordusunun bütün növləridnən istifadə olunması nəzərdə tutulur. Əsas gücü isə hücumun koordinasiya qərargahı rolunu oynayacaq “F-35” qırıcıları öz üzərinə götürəcək.

“Bu həm mədəni, həm də texniki planda fundamental dəyişiklik sayılır. Həmin taktika ABŞ ordusuna düşmən üzərində “assimetrik üstünlük” təmin etməyə imkan verəcək”,-deyə amerikalı general vurğulayıb.

Almaniya jurnalı isə amerikalıların konsepsiyasını “Troya atı” üsüluna bənzədib.

General Qoldfayn Rusiya və Çinin güclü tərəfləri olaraq onlarda silahlanmanın ən yeni növlərini olmasını göstərib.

“Əgər rəsmi Moskva və ya Pekin, və ya hansısa digər düşmənimiz “F-35”-ləri hava məkanlarında görsələr, mən onlara iki kəlmədən ibarət bu mesaj göndərərdim: “Biz burdayıq”,-deyə Devid Qoldfayn rəqiblərinə səslənib.

Qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin bu günlərdə Federal Məclisdəki (Dövlət Duması və Federal Şuranın birgə iclası) müraciətində ABŞ-ı Vaşinqton və Nyu-Yorka qədər uça biləcək yeni raketlərlə hədələyib. Onun sözlərinə görə, ABŞ qərar verməzdən qabaq Rusiyanın raketlərinin sürətini ölçməyi bacarmalıdır.

Bundan başqa, Putin “Xəncər” aviasiya-raket kompleksi, lazer qurğularından, “Sirkon”, “Avanqard” tipli hipersəsli, “Sarmat” tipli qitələrarası raketlərindən, habelə nüvə mühərrikli “Burevestnik” qanadlı raketlərindən danışıb.

Reaksiya.az

Şərhlər