PAŞİNYANIN MİTİNQ ŞOUSU “QARABAĞ KLANI”NA QARŞI HAZIRLANIB

Ermənistan baş naziri həm də populist vədlərlə, anım mərasimləri ilə ac ermənilərin başını qatır

 

 
 
Ermənistan baş naziri Nikol Paşinyan 1-2 mart 2008-ci il tarixində baş verən hadisələrlə bağlı İrəvanda yürüş təşkil edəcək. Bununla bağlı baş nazir hamını Azadlıq meydanına dəvət edib. Paşinyan bildirib ki, həmin gün meydandan Myasnikyanın heykəlinə qədər genişmiqyaslı yürüş keçirilməsi barədə qərar qəbul olunub: "Yürüş Ermənistan vətəndaşının qələbəsinə, zorakılığa, seçkilərin saxtalaşdırılmasına, korrupsiya və qanunsuzluğa qarşı olacaq. Yürüş xalqın və onun hakimiyyətinin qələbəsinin dönməzliyini göstərəcək”. Məlumat üçün bildirək ki, 2008-ci ildə Levon Ter-Petrosyanın rəhbərliyi ilə müxalifət seçkilərin nəticələrinə etiraz edərək uzun müddət etiraz aksiyası keçirib. Bir neçə gün davam edən aksiyalar 1-2 mart tarixlərində etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurmaya çevrilib. Nəticədə 10 nəfər ölüb.
 
Ekspertlərin fikrincə, Paşinyanın mitinq şousu "Qarabağ klanı”na qarşı hazırlanıb. Məqsəd siyasi rəqibi bir qədər də zəiflətmək, tamamilə xalqın gözündən salmaq, eyni zamanda baş nazirdən islahat gözləyən ac ermənilərin başını qatmaqdır.
 
Ermənistandakı prosesləri "Şərq”ə şərh edən politoloq Qabil Hüseynli deyib ki, ermənilərin sosial yaddaşını istismar etmək üçün Paşinyanın əlində populist xarakterli gedişlər var. Bu gedişlərdən ən təsirlisi küçə yürüşləri və mitinqlərdir: 
 
"Ermənistanın baş naziri Nikol Paşinyanın əlinə yaxşı fürsət düşüb. Məlumdur ki, 2008-ci ildə müxalifətin başında duran Ter-Petrosyanın təşkil etdiyi aksiya hökumət güclərinin silah tətbiq etməsi ilə qanla yatırılıb. Müxalifət həmin qarşıdurmada 32 adamın həyatını itirdiyini desə də, rəsmi statistika 10-12 şəxsin öldüyünü qeyd edib.
 
 Paşinyanın hakimiyyətə yiyələnməsindən sonra məlum hadisə ilə bağlı cinayət işi açılıb və keçmiş prezident Robert Koçaryan həbs edilib. Yeni həbslərin olacağı istisna edilmir. Paşinyan əlinə düşən fürsətdən maksimum istifadə edərək "Qarabağ klanı”nın sonuna çıxmaq istəyir. Həm də populist vədlərlə, anım mərasimləri ilə ac ermənilərin başını qatır. Hökumət 10-cu ayına qədəm qoysa da, indiyə qədər heç bir reform həyata keçirməyib, ölkəyə investisiya cəlb edə bilməyib, iş yerləri açılmayıb”.
 
Ekspertin sözlərinə görə, maddi rifah halı bərbad olan erməniləri populist çıxışlarla və xam xəyallarla yuxuya vermək üçün mitinqlər ən gözəl vasitədir: 
 
"Paşinyan küçələrdən gəlmiş bir adam kimi bu metoddan ustalıqla yararlanır. Yəni ona dəstək verənləri daha iki-üç ay "xəyal plovu” yeməyə vadar edir. Əslində özü də yaxşı bilir ki, müxalifətdə olarkən verdiyi vədlərin böyük əksəriyyətini reallaşdırmaq mümkün deyil. 
 
Çünki bunu etmək üçün lazımi resurslar yoxdur. Ona görə də yerində saymaqda davam edir. Paralel olaraq klanlararası savaş da şiddətlənir. Hələlik bu mübarizədə Paşinyanın əli güclü görünür. "Qarabağ klanı”nı əzmək üçün biri-birinin ardınca müxtəlif metodları işə salır. Ancaq istənilən halda qarşılıqlı mübarizə prosesində bütövlükdə Ermənistan ciddi surətdə zərbə alır və zəifləyir”.
Advertisement Banner

Şərhlər

Çox oxunanlar