Hərbi ekspert: Hindistan-Pakistan davası “partlayıcı” təhlükə daşıyır

28.02.2019 15:58     Dünyadan reaksiya     772

Son bir neçə gün ərzində Hindistanla Pakistan arasında münasibətlər gərginləşib.

Xatırladaq ki, gərginlik fevralın 14-də meydana gəlib. Belə ki, Pakistanda mərkəzləşən “Ceyş-i Məhəmməd” qruplaşmasının terrorçusu partlayıcı dolu avtomobillə Hindistan DİN-ə tabe olan Ehtiyat Polis Qüvvələri Mərkəzinin avtobuslarından ibarət karvana hücum edib. Törədilən qanlı intihar partlayışı Hindistan və Pakistan arasında münasibətləri gərginləşdirib.

Hindistan Pakistanı əks-tədbirlə hədələyib və bir neçə gün sonra Hindistanın “Mirage 2000” qırıcıları təmas xəttini keçərək terrorçulara aid olduğu iddia edilən Pakistan ərazisindəki düşərgələrə aviazərbələr endirib. Çərşənbə gününə keçən gecə Pakistan hərbçiləri Hindistan hava qüvvələrinə aid iki təyyarəni vurub.

 

Pakistan və Hindistan arasında baş verənlər və hadisələrin bu məcrada inkişafının hansı nəticələrə gətirəcəyi barədə Oxu.Az-a verdiyi müsahibədə rusiyalı hərbi ekspert, Q.V. Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin dosenti Aleksandr Perenciyev ətraflı danışıb.

- Yaranmış vəziyyəti necə qiymətləndirərdiniz?

- Hindistan və Pakistan arasında başlamış hərbi qarşıdurma gələcəkdə eskalasiyaya meyillidir və təkcə Asiya və Avrasiya üçün deyil, bütövlükdə dünya üçün “partlayıcı” təhlükə daşıyır. Hazırda hər iki ordunun faktiki olaraq bütün növ qüvvələrini ayağa qaldırdığını nəzərə alsaq, silahlı münaqişənin irimiqyaslı hərbi əməliyyatlarla əvəzlənəcəyini istisna etmək olmaz.

Öz növbəsində Hindistan-Pakistan hərbi münaqişəsi başqa silahlı münaqişələrin alovlanmasına təkan verə bilər. Məsələn, Tacikistan rəhbərliyi Əfqanıstanla sərhəddə “mücahid” birləşmələrin yüksək aktivliyinin müşahidə olunduğunu bildirir. Yəni həm Mərkəzi Asiyada, həm də ümumilikdə Avrasiya materikində terrorçuların fəaliyyəti genişlənə bilər.

- Münaqişənin daha da kəskinləşəcəyi gözlənilir, yoxsa tərəflər öz aralarında razılığa gələcək?

- Düşmən tərəflərin vasitəçi olmadan razılığa gələcəyi inandırıcı deyil. Camma və Kəşmir ştatları ətrafında yaranan münaqişənin nizamlanması üçün effektiv mexanizmlərin formalaşmasına ehtiyac var. Belə mexanizmlərin formalaşması bir çox hallarda Rusiya, Çin və ABŞ-ın qarşılıqlı təsirlərindən asılı olur.

Bununla belə, rəsmi Vaşinqtonun Moskva və Pekinlə münasibətlərini daha da pisləşdirdiyini nəzərə alsaq, belə qarşılıqlı təsirləri təsəvvürə gətirmək çətin, demək olar ki, mümkünsüzdür.

- Münaqişə tərəflərinin bu qarşıdurmada nüvə silahlarına əl atacağını gözləmək olar?

- Nüvə silahlarına sahib olan iki dövlət arasında silahlı toqquşma yaşananda, nüvə münaqişəsi ehtimalı hər zaman mövcud olur. Birincisi, nə Hindistan, nə də Pakistan nüvə ölkəsi kimi rəsmi statusa malik deyil.

İkincisi, onlar beynəlxalq nüvə təhlükəsizliyi məsələsində hər hansı saziş üzrə öhdəlik götürməyiblər. Üçüncüsü, ABŞ-ın Kiçik və Ortamənzilli raketlərlərin ləğv edilməsi müqaviləsindən çıxmasından sonra beynəlxalq nüvə təhlükəsizliyinin təminatı sistemi xeyli geriləyib.

Halbuki Hindistan və Parkistanın, həmçinin, Çinin arsenalında başlıca olaraq orta və kiçikmənzilli raketlər yer alır.

Nədənsə Vaşinqtonu Pakistan, Hindistan və İsrail kimi nüvə dövlətlərinin denuklerizasiyası problemi o qədər də narahat etmir.

- Hindistanla Pakistan arasında tammiqyaslı toqquşmalar başlasa, hansı ölkələrin bu münaqişəyə qoşulacağını proqnozlaşdırmaq olar?

- Münaqişəyə açıq şəkildə heç kim müdaxilə etməyəcək. Ancaq Çin Pakistana yardım göstərə bilər. Pakistan tərəfindən müxtəlif İslam təmayüllü terrorçu qruplaşmalar da savaşa bilər.

Reaksiya.az

Şərhlər