Makronun “soyqırım" qərarına fransızlardan - Etiraz

24.04.2019 15:07     Dünyadan reaksiya     827

Fransa Prezidenti Emmanuel Makron aprelin 24-nü ölkədə qondarma “erməni soyqırımı qurbanlarının” xatirəsi günü elan edib.

Ölkənin hakim və müxalifət partiyalarının deputatları Report-a dövlət başçısının məlum sərəncamını şərh ediblər. Qeyd edək ki, Fransa 2001-ci ildə qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıyıb.

Fransa Milli Assambleyasında Fransa-Türkiyə dostluq qrupunun üzvü, hakim İrəliləyən Respublika (“La Republique en Marche”) Partiyasının deputatı Filip Folyo (Philippe Folliot) bildirib ki, qərar bir neçə il bundan əvvəl qəbul edilmiş qanunun məntiqi davamıdır:

"Bu sərəncam Fransa-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək. Ötən həftə NATO Parlament Assambleyasının iclasında iştirak etmək üçün həmkarlarımla birlikdə Türkiyədə səfərdəydim. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və xarici işlər naziri Mövcud Çavuşoğlu Fransanın bu qərarına çox sərt formada etiraz etdilər".

"Fransa kiməsə dərs verə bilməz və bunun üçün əlverişli mövqeyə də malik deyil. Biz özümüz öz tariximizə fəxrlə yanaşırıq, halbuki çox hadisələr baş verib. Artıq bir sıra məsələlərin davamı kimi bu qərarı vermişik, ancaq bunun üzərində dayanmamağı zəruri sayıram. Biz gələcəyə üzümüzü tutmalıyıq. Yəni Fransa ilə Türkiyə arasında yaxşı münasibətlər yaratmağa çalışmalıyıq", - deputat qeyd edib.

Fransa Milli Assambleyasında Fransa-Türkiyə dostluq qrupunun üzvü, müxalif Sosialistlər Partiyasından olan deputat Jerom Lamber dövlət başçısı Emmanuel Makronun son qərarını mənasız adlandırıb:

"Bu mənasız bir qərar idi. İnanmıram ki, bu addım Fransa-Türkiyə münasibətlərinə ciddi mənfi təsir göstərsin".

Onun sözlərinə görə, aprelin 24-nün qondarma “erməni soyqırımı qurbanlarının” xatirəsi günü elan edilməsinə ehtiyac yox idi: "Dünyada xeyli sayda soyqırım baş verib. Əlbəttə, ispanlar, asteklər, mayaların başına gələnlərdən xəbərdar olmaq yaxşıdır. Lakin xatirə günü kimi qeyd etməyin mənası yoxdur. Bu gün unudulan, tarixdən silinən soyqırımlar da çoxdur. Amerika hindularının məhv edilməsini yadımıza salaq. Bu faciə çox da uzaq tariximizdə yaşanmayıb. Hinduların, demək olar ki, hamısı yer üzündən siliniblər. Belə bir kontekstdə qondarma "erməni soyqırımı qurbanları"na xatirə günü təsis etmək tamamilə lazımsız idi", - deputat qeyd edib.

Fransa Milli Assambleyasında Fransa-Türkiyə dostluq qrupunun üzvü, Respublikaçılar Partiyasının deputatı Jan-Lük Reitzer (Jean-Luc Reitzer) vurğulayıb ki, bu qərar Türkiyə rəsmilərinin çox böyük qəzəbinə səbəb olub: "Mən sərəncamın rəsmi qəzetdə işıq üzü gördüyü günün səhərisi Türkiyədə səfərdəydim və NATO Parlament Assambleyasının iclasında iştirak edirdim. Doğrudan da gərginlik var idi. Türkiyə rəsmiləri çıxışları zamanı bununla bağlı Fransaya kəskin etirazlarını bildirdilər".

"Mən daima bu məsələdə əks mövqedə olmuşam və qanunun da vaxtilə əleyhinə səs vermişəm. Çünki hesab edirəm ki, Fransa başqa bir ölkənin tarixinə aid olan məsələyə qarışmamalıdır, hər ölkə öz tarixinə cavabdehlik daşımalıdır. Tarixi yazmaq tarixçilərin işidir. Fikrimcə, münaqişəli məsələlərə qarışmaq, tərəf saxlamaq xarici ölkələrin və siyasətçilərinin işi deyil. Biz heç bir ölkəyə dərs keçməməliyik. Emmanuel Makronun qərarı Fransa-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək", - deputat qeyd edib.

Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvü, müxalif Demokratlar, Radikallar və Liberalların Birliyi Partiyasının deputatı Andre Vilye ölkə tarixinə salınan bu hadisənin, əslində, Fransaya heç bir aidiyyəti olmadığını söyləyib: "Bu, Türkiyəyə aid bir məsələdir. Fransa ermənilərə sığınacaq verən bir ölkə olub. Düzdür, bu gün Fransada erməni icması çoxluq təşkil edir. Hətta ölkədə 500 min erməninin yaşadığı deyilir. Lakin Fransa tarixinə məxsus olmayan bir hadisəni rəsmiləşdirməyə ehtiyac yox idi. Hesab edirəm ki, Fransa gələcək üçün daha çox xeyir gətirə biləcək addımlar atmalıdır. Məsələn, türk və erməni xalqları arasında yaxınlaşmaya, əməkdaşlığa xidmət edəcək əməllərə imza atması daha faydalı olardı".

Reaksiya.az

Şərhlər