Makronun Ukrayna ilə bağlı sözləri Kiyevdə qalmaqal yaratdı:səfir XİN-ə çağırıldı

Ukrayna Xarici İşlər Nazirliyi Fransanın ölkədəki səfiri Etyen de Ponsyeni prezident Emmanuel Makronun “qeyri-leqal Ukrayna şəbəkələri” haqqında sözlərinə aydınlıq gətirmək üçün çağırıb.

Bu barədə diplomatik idarənin mətbuat katibi Yekaterina Zelenkonun “112.ua” saytına verdiyi açıqlamada deyilir.

Onun sözlərinə görə, Fransa dövlət başçısının bununla nə demək istədiyi onlara aydın olmadığı üçün səfirdən ətraflı məlumat öyrənmək istəyiblər.

Etyen de Ponsyen isə prezidentin Fransaya səyahət edən Ukrayna vətəndaşlarını nəzərdə tutmadığını deyib.

Səfir Emmanuel Makronun əsasən miqrasiya və əmək məşğulluğu sahəsindəki problemlərdən danışdığını, bir sıra cümlələrin isə ümumi konteksdən çıxarılaraq mətbuatda şişirildiyini bildirib.

Ukrayna mətbuatının xəbərinə görə, söhbət Fransa dövlət başçısının bu ilin oktyabrın 30-da “Valeurs Actuelles” jurnalına verdiyi müsahibədən gedir. Burada Emmanuel Makron qeyri-qanuni miqrasiya ilə qəti şəkildə mübarizə aparacağından danışıb.

Fransa prezidentinin mübahisə yaradan ifadəsi isə “mən Ukrayna və ya bolqarların qeyri-qanuni şəbəkələrindənsə, Qvineya və ya Kot d`İvuardan gələn insanların gəlməsinə üstünlük verərdim” cümləsi olub.

Reaksiya.az

Advertisement Banner

Şərhlər