Türkiyə diplomatından “Milli Şuraya” vətənpərvərlik dərsi – ABŞ-da qalmaqal

02.11.2019 14:56     Dünyadan reaksiya     682

Məlum olduğu kimi, oktyabrın 31-də ABŞ-da “Milli Mətbuat Klubu” adı ilə fəaliyyət göstərən təşkilatda “Azerbaijan: Peaceful protests and torture” tədbir keçirilib. Tədbirdə “Milli Şura” adlanan qurumun sədri Cəmil Həsənli iştirak və çıxış edib. Ondan başqa panelçilər arasında Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Daniel Balson, Women Media Watch-Azerbaijan təşkilatının rəhbəri, hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı olublar. Tədbirə Amnesty İnternational təşkilatının nümayəndəsi Aleks Raufoğlu moderatorluq edib.

Tədbir bəzi maraqlı məqamlarla yadda qalıb. İlk növbədə Azərbaycanı kəskin tənqid edən tədbir iştirakçılarının Türkiyənin ABŞ-dakı səfirliyinin nümayəndəsinin kəskin etirazı ilə qarşılaşmasını qeyd etmək olar. Səfirliyin əməkdaşı Cəmil Həsənlinin və digər iştirakçıların Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktına toxunmamasına və Azərbaycanın FETO-ya dəstək verməsi barədə iddialara kəskin etirazını bildirib. O, FETO ilə bağlı ittihamları rədd edərək, Azərbaycanın Türkiyənin yanında olduğunu, ən birinci dəstək göstərənlərdən biri olaraq müvafiq məktəbləri bağladığını qeyd edib və bu dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib.

700cc23f-9de7-4e21-ba8b-ce006f28a51a.jpg (73 KB)

Guya Azərbaycan hökuməti üçün ən böyük təhdidin internetin azadlığı iddiasına qarşı Türkiyə diplomatı deyib ki, Azərbaycan üçün əsas təhdid torpaqların Ermənistan tərəfindən işğal olunmasıdır. Daha əvvəl erməni fəalının çıxışçılara ünvanladığı suala – baş nazir N.Paşinyanın münaqişənin həlli ilə bağlı ümidlərinin Azərbaycan tərəfindən cavabsız saxlanması sualına cavab olaraq, diplomat N.Paşinyanın 5 avqust tarixli bəyanatını xatırladıb və həmin bəyanatın ümidləri puç etdiyini diqqətə çatdırıb. Yekunda o, Cəmil Həsənli və digər çıxışçılardan oktyabrın 30-da qondarma “DQR”-in başçısının Konqresin binalarının birində keçirdiyi tədbirə etiraz etmək üçün yığışmış Azərbaycan icmasına niyə qoşulmadıqlarını  və ümumiyyətlə, münaqişənin həlli məsələsində müxalifətin mövqeyinin nədən ibarət olduğunu sual edib. Əslində, Türkiyə diplomatının qaldırdığı sualın mənası belə yozula bilər ki, nəyə görə Azərbaycanın əsas problemi olan işğal faktına toxunulmur, bu məsələ barədə heç nə deyilmir, əvəzində isə onlar xaricdə imkan tapan kimi Azərbaycana qarşı iddialarla çıxış edirlər.

b92d1528-c90d-45ff-8fbf-7436a8f51863.jpg (35 KB)

Bundan başqa, qeyd edilməlidir ki, Cəmil Həsənli və ətrafı ABŞ-da Azərbaycana qarşı tədbir təşkil etdiyi bir zamanda, qondarma “DQR”-in nümayəndə heyəti Konqresdə və digər instansiyalarda görüşlər keçirirdi. Bu fakt, artıq birinci dəfə deyil ki baş verir və bu tədbirlərin eyni zamana təsadüf etməsi, məsələdə bir sinxronluq olduğunu deməyə əsas yaradır. Bir tərəfdən Ermənistanın və ya Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri erməni təbliğatı aparır, Azərbaycanı mümkün olan hər şeydə ittiham edirlər, digər tərəfdən də radikal müxalifətin nümayəndələri ölkə daxilində uydurduqları problemi öz məqsədlərinə uyğun müzakirəyə çıxarmağa cəhd göstərirlər.

Bütün bunlar Azərbaycan müxalifətinin inkarçı və radikal qanadının milli maraqlara qarşı olduğunu göstərir. Onlar öz ambisiyalarını reallaşdırmaq üçün artıq ən aşağı metodlardan belə yararlanmağa çalışırlar. 

Bir də onu qeyd etmək lazımdır ki, tədbirə cəmi 10-12 nəfər qatılıb. Onlardan da biri erməni olub.  

Reaksiya.az

Şərhlər