Müharibə zonasında vəziyyət daha da gərginləşir - Fransa nəşri

13.10.2020 23:20     Dünyadan reaksiya     411

Oktyabrın 9-da Moskvada imzalanan və sülhə ümidverici ilk addım olan atəşkəs çox kövrək idi. Elə humanitar atəşkəsin qüvvəyə mindiyi günün gecəsində Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket hücumu nəticəsində 10 nəfər həlak oldu, 34 nəfər yaralandı. Özünü “insan hüquqları müdafiəçisi” kimi təqdim edən Fransa Gəncədə mülki insanların bombardman edilməsinə münasibət bildirməli və bu hücumu pisləməli idi. Ən azı gələcəkdə günahkarların müharibə cinayətləri ilə mühakimə edilməsi üçün bunu etməli idi.

Reaksiya.az xəbər verir ki, bu fikirlər Fransanın “Atlantico.fr” portalında dərc olunmuş “Dağlıq Qarabağ: sülhə nail olmaq üçün bir az tarazlıq və daha çox beynəlxalq hüquq” sərlövhəli məqalədə yer alıb.

Müəllif diqqətə çatdırıb ki, hər hansı bir münaqişə soyuqqanlılıq, balanslı münasibətilə təhlil edilməli və şərh olunmalıdır. Təəssüf ki, sentyabrın sonundan Ermənistanla Azərbaycan arasında başlayan şiddətli müharibə dünyanın diqqətini yenidən Dağlıq Qarabağa cəlb etdi. Bir sıra analitiklər bu məsələni bəzən böyük səhvlər, bəzən də Şərq xristianlarının müsəlmanların təcavüzünə məruz qalması kimi qərəzli formada təqdim edirlər. Müəllif Dağlıq Qarabağ münaqişəsinin səbəbinin hər şeydən əvvəl beynəlxalq hüququn işləməməsi, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və beynəlxalq ictimaiyyətin, eləcə də 1992-ci ildən münaqişənin həlli həvalə edilmiş ATƏT-in Minsk qrupunun açıq şəkildə uğursuzluğu olduğunu qeyd edib. Bildirib ki, münaqişə ilə bağlı həqiqətlərdən danışılmalıdır, Səlib yürüşündən yox.

Jurnalist Gəncədə mülki insanların bombardman edilməsinə özünü “insan hüquqları müdafiəçisi” kimi təqdim edən Fransanın münasibət göstərməməsinə və bu hücumu pisləməməsinə təəssüflənir. Bildirir ki, heç olmasa, artan şiddətin qarşısını nəyin bahasına olursa-olsun almaq lazım idi.

Müxtəlif ölkələrin münaqişəyə yanaşmasına toxunan jurnalist Rusiyanın məsələ ilə məşğul olmasının bəzilərini qıcıqlandırdığını qeyd edib. Vurğulayıb ki, beynəlxalq ictimaiyyətin 30 ildə heç nəyə nail ola bilməməsi göz qabağındadır. Müharibə zonasında vəziyyət daha da gərginləşir.

Məqalədə bildirilib ki, münaqişələrdə regional vasitəçilər daha vacibdir. Dağlıq Qarabağ müharibəsinin Cənubi Qafqazın Avrasiya qitəsinin böyük imperiyalar üçün həmişə strateji bölgə olduğunu bir daha təsdiqlədi. Beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların dərhal dayandırılmasına və danışıqlar masasına qayıtmağa, beynəlxalq hüququn tətbiqinə və ona riayət edilməsinə dair çağırışlarına baxmayaraq, hələ də konkret heç nə əldə olunmayıb.

Məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixindən, doğma yurdundan didərgin salınmış azərbaycanlı məcburi köçkünlərdən də danışılıb. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyindən söz açılıb.

Reaksiya.az

Şərhlər