Moskva Sovet İttifaqını bərpa etmək planları hazırlamır - Rusiya XİN

10.02.2021 12:20     Dünyadan reaksiya     713

"Ötən il bu və ya digər şəkildə ölkələrimizin həyatına təsir edən bir sıra hadisələrlə yadda qaldı. Bizə qonşu dövlətlərdə onların inkişaf vektorunu kardinal şəkildə dəyişmək, Rusiyadan qoparmaq və onlara yad dəyərlər sistemini qurmaq məqsədi ilə sabitliyi pozmaq cəhdləri bitmir. Qərbin postsovet məkanını daimi münaqişələr və gərginliklər zonasına çevirmək səylərini görürük. Öz vəzifəmizi bu cür siyasətə müqavimətdə görürük”.

Bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib.

“Bununla yanaşı, bizi günahlandırırlar ki, guya biz Sovet İttifaqını yenidən bərpa etmək planları hazırlayırıq. Bu, belə deyil. Moskva müxtəlif sahələrdə mövcud ənənəvi əlaqələrə əsaslanaraq bütün postsovet ölkələri ilə bərabər və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı kimi ardıcıl çıxış edir. Əminik ki, MDB-dən olan tərəfdaşlarımız xaricdən gələn çağırış və təhdidləri aydın şəkildə başa düşürlər. Ümid edirik ki, dostlarımız onların qarşısında duran siyasi və sosial-iqtisadi vəzifələri konstruktiv şəkildə həll edə biləcəklər. Öz tərəfimizdən Avrasiya İqtisadi Birliyi, KTMT və MDB inteqrasiya birliklilərinin imkanlarından istifadə edərək onlara bu işdə hərtərəfli dəstəyi göstərəcəyik”, - deyə rusiyalı diplomat vurğulayıb.

Reaksiya.az

Şərhlər