Qasparyan Koçaryanın seçki qərargahının koordinatoru oldu

18.05.2021 12:32     Dünyadan reaksiya     518

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general-polkovnik Onik Qasparyan keçmiş Prezident Robert Koçaryanın Tavuş bölgəsindəki seçki qərargahının koordinatorlarından biri təyin edilib.

Reaksiya.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən məlumat verib.

Qasparyanın əslən İcevandan (Tavuşun regional mərkəzi) olduğu bildirilir.

Qəzetin yazdığına görə, Koçaryanın liderlik etdiyi “Hayastan” blokunun Tavuşdakı seçkiqabağı qərargahına dövlət qulluğu şurasının keçmiş sədri Manvel Badalyan rəhbərlik edəcək.

Xatırladaq ki, O. Qasparyan martın əvvəllərində Nikol Paşinyan hökumətinin istefasını tələb edən bəyanat yaydıqdan bir neçə gün sonra Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən rəsmi olaraq azad edilmişdi.

Ölkə Prezidenti Armen Sarkisyan Qasparyanın vəzifəsindən kənarlaşdırılması barədə vəsatəti iki dəfə imzalamaqdan imtina etsə də, 9 mart tarixində Baş nazirin qərarı, Konstitusiyada nəzərdə tutulduğu kimi avtomatik olaraq qüvvəyə minmişdi.

 

Reaksiya.az

Şərhlər