“Onlar məni ən axırıncı söyüşlərlə söyürdülər...”

12.06.2021 15:18     Dünyadan reaksiya     417

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gün Tavuş vilayətində seçicilərlə görüşündə keçmiş Baş qərargah rəisi Onik Qasparyanın telefon danışıqlarını dinlətdiyini təsdiqləyib. Bildirib ki, bu dinləmə nəticəsində Qasparyanın keçmiş prezident Serj Sərkisyana zəng vurduğu üzə çıxıb. Üstəlik məlum olub ki, onlar telefonda Paşinyanı “ən axırıncı söyüşlərlə” söyüblər.

“Noyabrın 20-də o, hansısa səbəbdən Serj Sərkisyana zəng vurdu. Onlar məni ən axırıncı söyüşlərlə söydülər”,-Paşinyan bildirib.

O deyib ki, həmin telefon söhbətinin ardınca Qasparyan görüş xahiş edib. Görüşdə bildirib ki, Paşinyan istefa verməlidir. “Mən ondan soruşdum ki, neçə gündür yatmırsan, dedi 4-5 gündür. Cavabında dedim-get yat, özünə gəl, sonra danışarıq və təsəvvür edərək ki, bizim aramızda belə söhbət heç olmayıb”,-Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, elə həmin gün Qasparyan Sünikdə “hansısa çevrələrlə” də görüşüb. O deyib ki, Oniki özünə qardaş bilirdi. “Mən başa düşə bilmirəm ki, nəyə görə indi mənim barəmdə ən müxtəlif şaiyələr yayır”,-Paşinyan gileylənib.

 

Xatırladaq ki, Onik Qasparyan və ordunun bir çox rəhbərləri bu ilin əvvəllərində Paşinyanın istefasını tələb etsələr də “kapitulyantı” hərbi yolla hakimiyyətdən uzaqlaşdırmaq planı baş tutmayıb. Daha sonra Onik Qasparyan vəzifəsindən uzaqlaşdırılıb.

Paşinyanın son çıxışından sonra Qasparyan ona cavab verib, yenə onu müharibəni oktyabrın 19-da, Ermənistan üçün “indikindən müqayisəolunmaz dərəcədə əlverişli” şərtlərdə dayandırmamaqda günahlandırıb. Bildirib ki, noyabrın 9-da axşam başqa çıxış yolunun olmadığını görərək Paşinyana üçtərəfli bəyanatı imzalamağı məsləhət görüb, ancaq bəyanatın mətnindən Qazaxın 7 kəndi barədə bəndin çıxarılmasını istəyib. “Baş nazir mənim arqumentimi qəbul etmədi və yalnız öz siyasi komandası ilə bir neçə saatlıq məsləhətləşmələrdən sonra onu imzaladı. Cəmiyyətin əsəbləri ilə oynamayın və ucuz addımlara getməyin. Başqa məsələdir ki, biz nəyə görə bu vəziyyətə düşdük və kimin günahı üzündən müharibə oktyabrın 19-da dayandırılmadı”,-Qasparyan bildirib.

Şadman Şahbazlı

Reaksiya.az

Şərhlər