Paşinyan Köçəryanı həbs etdirə bilər?

30.06.2021 17:40     Dünyadan reaksiya     381

Ermənistanda parlament seçkisindən təxminən 10 gün keçsə də, Robert Köçəryan hələ də ağır məğlubiyyətdən özünə gəlməyib. Köçəryan son açıqlamasında cəmiyyəti faktiki qanuni hakimiyyətə qarşı itaətsizliyə və inqilaba çağırıb. Onun “il yarımdan sonra Ermənistanda erkən seçkiyə tələbat yaranacaq, biz bu hakimiyyəti sakit buraxmayacağıq” cümləsi də bundan xəbər verir.

Reaksiya.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O deyib ki, Nikol Paşinyan müharibədə ağır məğlubiyyətlə üzləşdi, təzyiqlər qarşısında istefa vermədi, dözdü, sadəcə, məcburiyyət qarşısında müharibədən 6 ay sonra parlament seçkisi təyin etdi:

“Seçkidə yenə qələbə qazanan və özgüvəni artan Paşinyanı bundan sonra müharibə istisna olmaqla, yenidən erkən seçki keçirməyə heç nə vadar edə bilməz. Buna baxmayaraq, Paşinyan qarşısındakı əsas maneəni – Köçəryanı neytrallaşdırmaq barədə düşünməlidir və təsadüfi deyil ki, keçmiş prezidentə qarşı yenidən məhkəmə işinin başlaması haqqında xəbərlər dolaşır. Bu, Paşinyanın Köçəryanın təxribatçı açıqlamalarına cavabıdır. Doğrudur, hazırda deputat mandatına malik olan Köçəryanı həbs etmək elə də asan deyil. Ancaq Köçəryan həddini aşarsa, parlamentdə səs çoxluğuna malik Paşinyan eks-prezidentin deputat toxunulmazlığını ləğv edə bilər.

Robert Köçəryan son açıqlamasında yenə eyni fikri təkrarlayaraq Paşinyanı durdurmayacaqları halda Ermənistanın Azərbaycana və Türkiyəyə təslim olacağını iddia edib. Biz ağıl oyunlarında elə etməliyik ki, 2 nəticəyə nail olaq:

1. Ermənistanın Azərbaycan və Türkiyədən asılılığını təmin etməliyik;

2. Bu siyasəti apararkən Rusiyanın və onun Ermənistandakı Köçəryan kimi əlaltılarının təsir imkanlarını minimuma endirməliyik”.

Reaksiya.az

Şərhlər