İƏT Əfqanıstanda münaqişə tərəflərini sülhə çağırıb

23.08.2021 13:27     Dünyadan reaksiya     1021

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddə şəhərindəki baş qərargahında Səudiyyə Ərəbistanının təklifi ilə Əfqanıstandakı vəziyyətlə bağlı növbədənkənar iclas keçirilib.

İclasda İƏT Əfqanıstanda sülhün qurulması naminə münaqişə tərəflərini hərtərəfli dialoqa çağırıb.

Təşkilatın baş katibi bildirib ki, Əfqanıstanda cəmiyyət ölkə miqyasında barışığa nail olmalı, eləcə də "Taliban" təşkilatı beynəlxalq sazişlərə və hüquq normalarına hörmət etməlidir.

Onun sözlərinə görə, məcburi köçkünlərin və qaçqınların humanitar ehtiyaclarının təmin edilməsi təxirəsalınmaz məsələdir. O, həmçinin, İslam maliyyə qurumlarını və digər tərəfdaşları mümkün humanitar fəlakətin qarşısını almaq məqsədilə təcili tədbirlər görməyə çağırıb.

Baş katib ümidvar olduğunu bildirib ki, Əfqanıstanda qurulacaq yeni hökumət cəmiyyətin bütün təbəqələrini, etnik qrupları əhatə edə biləcək.

İclasın yekununda qəbul edilən bəyanatda İƏT Baş Katibliyinin yüksək vəzifəli nümayəndə heyətini sülh və sabitlik ismarıcını çatdırmaq məqsədilə Əfqanıstana göndərmək təklif olunub.(trend)

Reaksiya.az

Şərhlər