ABŞ-ın Marşal İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib

01.12.2021 12:22     Dünyadan reaksiya     272

ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) daha 8 minaaxtaran it göndərilib.

APA-nın məlumatına görə, itləri gətirən təyyarə bu gün hava limanına enib. Bununla da Marşal İrsi İnstitutundan ANAMA-ya verilən itlərin sayı 20-yə çatıb. İtlər işğaldan azad edilən Qarabağda minatəmizləmə əməliyyatlarına qatılacaq.

Yerdə qalan 10 baş itin agentliyə təhvili 2022- 2023- cü illərdə gözlənilir.

Xatırladaq ki, bu ilin 26 avqust tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində, MLİ tərəfindən ANAMA-ya veriləcək itlərin sayı 30-dur.
Göndərilən itlərin 6-sı ANAMA-nın, qalan 2-si isə Marşal İrsi İnstitutu tərəfindən cəlb edilən donorların maliyyə dəstəyi ilə alınıb.
Öncədən göndərilən minaaxtaran itlər Agentliyin Horadiz Regional Mərkəzində öz bələdçisi ilə uyğunlaşma təlimi və Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) üzrə akkreditasiyadan keçərək, işğaldan azad edilən ərazilərdə əməliyyatlara cəlb olunublar.
Minatəmizləmə əməliyyatlarında əsasən Alman Ovçarkası və Belçika Malinua cinsindən olan itlərə üstünlük verilir. MAİ-lərlə istifadə olunan dil ingilis və holland dilləridir. İtlər 3 ayından etibarən onlar üçün ayrılmış xüsusi oyun meydançasında təlimlərə başlayır. 18 ayınadək dörd-ayaqlı köməkçilər müxtəlif növ partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələnir. Sonda akkreditasiyadan keçmiş MAİ və bələdçisi sahə əməliyyatlarına cəlb olunur.
MAİ-lər işə cəlb edilməzdən əvvəl bütün tibbi amillər nəzərdən keçirilir və itin sağlamlığı barədə sertifikat əldə edilir. Əməliyyatlarda iştirak edən MAİ-lər tam sağlam olmalıdır. Həmçinin, baytar nəzarəti altında itlər 6 ayından etibarən qrafik üzrə və region dəyişikliyi zamanı peyvənd olunurlar.
Əllə və mexaniki vasitələrlə təmizləmə əməliyyatları ilə birgə xüsusi təlim keçmiş minaaxtaran itlərin də ərazilərin minalardan təmizlənməsində və insan həyatının xilas edilməsində rolu əvəzsizdir. Minaaxtaran itlər təmizləmə əməliyyatlarında, texniki tədqiqatda, şübhəli sahələrin qısaldılmasında, mexaniki yolla yoxlanılmış sahələrdə aparılan keyfiyyətə nəzarət prosedurlarında istifadə olunur.

Qeyd edək ki, itlərin Azərbaycana gətirilməsi Silk Way Airlines şirkəti tərəfindən təmənnasız olaraq həyata keçirilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar