Savaş qapıya çatdı: Rusiyaya misli görülməmiş hədə

02.12.2021 12:08     Dünyadan reaksiya     264

Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı iddialarına NATO və Moskvadan verilən ardıcıl açıqlamalarından sonra bir xəbərdarlıq da ABŞ-dan gəlib.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya qarşı daha aqressiv addımlar atacağı təqdirdə, bunun ağır bədəlini ödəyəcəyini deyib.

Blinken Rusiyanın son həftələrdə Ukraynada potensial hərbi əməliyyat planı üçün hazırlıqlarını artırdığını söyləyib: “Rusiyanın Ukraynaya qarşı təcavüzkar plan hazırladığına dair gəlişmələrdən narahatıq”.

Sosial şəbəkələrdə Rusiyanın Ukrayna əleyhinə apardığı təbliğatının 10 dəfədən çox artdığına diqqət çəkən dövlət katibi bunun rus ordusunun 2014-cü ildə Ukraynaya təcavüzündən əvvəlki vəziyyətə oxşadığını qeyd edib.

“Hazırda biz bilmirik ki, Prezident Putin işğal qərarı verib, ya yox. Rusiya Ukraynaya qarşı daha aqressiv addım atsa, bunun ağır bədəlini ödəyəcək”, - Blinken bildirib.

O, Rusiyanı Ukrayna sərhədlərində və təmas xəttindəki hərbi qüvvələr və texnikalarını geri çəkməyə çağırıb:

“Biz açıq şəkildə bildirdik ki, əgər Rusiya Ukrayna ilə bağlı qarşıdurma yolu tutsa, biz buna qəti cavab verəcəyik”.

Bundan əvvəl Vladimir Putin NATO-nun Ukraynadakı hərbi infrastrukturunu genişləndirməsinin Rusiya üçün “qırmızı xətt” olduğunu deyib:

“Ukraynada hücum sistemləri yerləşdirilsəydi, Moskvaya uçuş müddəti 7 dəqiqə olardı. Bu cür təhdidlərin yaradılması qırmızı xətdir, amma mən ümid edirəm ki, vəziyyət bura çatmayacaq”.

NATO Baş katibi Yens Stoltenberq də Rusiyaya xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı istənilən hücumunun ağır bədəli olacaq.

Reaksiya.az

Şərhlər