Kritik danışıqlar: Qoşunlar sərhəddən geri çəkiləcək?

07.12.2021 15:43     Dünyadan reaksiya     50

Bu gün ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti arasında videokonfrans formatında kritik danışıqlar olacaq. Danışıqların əsas mövzusu Ukrayna ətrafındakı situasiyadır, daha dəqiq desək, Rusiyanın bu ölkə sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirməsi və Kremlin planlaşdırdığı hərbi müdaxilədir.

Danışıqlar ərəfəsində “Reuters” agentliyi belə məlumat əldə edib ki, prezident Bayden özünün rusiyalı həmkarına Vaşinqtonun Ukraynanın suverenliyini dəstəkləmək niyyətinin ciddliyini çatdıracaq və hərbi müdaxiləyə cavab olaraq Rusiyanı sərt sanksiyaların gözləyəcəyi barədə xəbərdar edəcək.

Xatırladaq ki, bu ilin yazında Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməsi ilə yaranan gərginlik Baydenlə Putin arasında telefon danışığından sonra qismən yumşalmışdı. İndi isə Moskvanın niyyətinin daha ciddi olduğu və qoşunların yeni cəmləşməsinin blef xarakteri daşımadığı bildirilir. Bu haqda ABŞ kəşfiyyat strukturları dəfələrlə xəbərdarlıq ediblər və Rusiyanın müdaxilə niyyətinin ciddiliyinə şübhə edən avropalı müttəfiqləri də əhatəli dəlillər təqdim etməklə buna inandırıblar.

Lakin belə görünür ki, ABŞ 2008-ci ildə Gürcüstanda olduğu kimi indi də Ukraynaya görə Rusiya ilə birbaşa müharibəyə girmək niyyətində deyil və ancaq “görünməmiş iqtisadi sanksiyalar paketi” ilə kifayətlənə bilər. CNN telekanalına məlumat verən mənbələr bu sanksiyalara Rusiyanın SWIFT beynəlxalq ödəmə sisteminə girişinin bağlanmasının, prezident Putinin yaxın ətrafına aid olan oliqarxların aktivlərinin dondurulmasının da daxil olacağını bildirib. Mənbə deyib ki, ABŞ Avropa İttifaqı ilə birlikdə bu sanksiyaları hazırlayır və Rusiya hərbi müdaxiləyə qərar versə onu, Şimali Koreya və İrana qarşı sanksiyalarla müqayisə oluna biləcək “ən pis sanksiyalar” gözləyəcək.

Bununla belə ABŞ administrasiyasında bildiriblər ki, Ağ ev Moskvaya qarşı hərbi cavab tədbirlərindən istifadə etməyə hazırlaşmır.

Məlumata görə Bayden Putindən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparacaq.

(virtualaz.org)

Reaksiya.az

Şərhlər