İran XİN: Vyana danışıqlarında irəliləyiş əldə olunub

18.12.2021 10:48     Dünyadan reaksiya     302

İran tərəfi Vyanada nüvə proqramı ilə bağlı keçirilən danışıqları müsbət dəyərləndirib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini və Vyanada nüvə müzakirələrində nümayəndə heyətinin rəhbəri Əli Baqiri “Twitter”də bildirib.

"Danışıqlarda irəliləyiş əldə olunub. Vyanada danışıqlarda iştirak edən digər ölkələrin nümayəndələri ilə müzakirələrdən sonra ötən gün mən və Müştərək Komissiyanın koordinatoru Enrike Mura görüşdük. Görüşümüzdə vəziyyətin dəyərləndirilməsi və qarşıdakı məsələlər haqqında fikir mübadiləsi apardıq", - nazir müavini bildirib.

Müzakirələrin bu həftə ərzində yaxşı getdiyini deyən Ə. Baqiri əlavə edib ki, bu gün müştərək komissiyanın iclası olacaq və bir neçə gün fasilədən sonra müzakirələr yenidən davam etdiriləcək.

Qeyd edək ki, İran və 4+1 ölkələri arasında danışıqlar dekabrın 9-dan keçirilir. İclasda İran nümayəndə heyəti və Rusiya, Çin, Fransa, Britaniya, Almaniya və Aİ-nin nümayəndələri iştirak edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar