Geri çəkilmə taktikası: Rusiya itki verdikdən sonra yenidən zərbə endirəcəkmi?

30.03.2022 13:34     Dünyadan reaksiya     295

Ötən gün Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq və sülhü təmin etmək üçün iki ölkənin nümayəndə heyətləri İstanbulda bir araya gəlib.

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı mətbuata açıqlama verən Rusiya rəsmisi vəziyyətin planlı bir hadisə olduğunu bildirib.

"Hərbi əməliyyatın azaldılması atəşkəs və ya qoşunların Kiyev ətrafından çıxarılması demək deyil. Rusiya hələ də Ukraynanın qəbul etməyəcəyi tələbləri irəli sürür", – deyə o qeyd edib.

Danışıqlardan sonra Rusiya Müdafiə Nazirliyi xoşməramlılıq əlaməti olaraq Kiyev və Çerniqovda hücumların azaldığını açıqlayıb. Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin mövzu ilə bağlı verdiyi açıqlamalarda, "Qarşılıqlı etimadın artırılması, gələcək danışıqlar üçün lazımi şəraitin yaradılması və razılaşdırılması üçün Kiyev və Çerniqov bölgəsində hərbi əməliyyatların azaldılmasına qərar verildi"-deyib.

Rəsmilər Rusiyanın geri çəkilməsinin taktiki olduğu fikrini irəli sürüblər. Ekspertlər də Rusiyanın geri çəkildiyinə və ya müharibənin sonuna yaşıl işıq yandırdığına dair heç bir işarə görə bilmədiklərini ifadə edərək, bunun bir taktika olduğunu iddia ediblər.

Mətbuata açıqlama verən və adının açıqlanmasını istəməyən başqa bir Rusiya rəsmisi rus ordusunun ilk bir ayda verdiyi itkiləri kompensasiya etmək üçün qısa müddətə geri çəkildiyini açıqlayıb. 16 mindən çox əsgərinin ölməsi və saysız-hesabsız texnikanın itirilməsi nəticəsində cəbhədə çətin günlər keçirən Rusiya ordusunun bir müddət sonra hücumlarına davam edəcəyi də iddia edilib.

Rusiya ordusunun Kiyev və Çerniqov bölgələrindən çəkilməsi ilə bağlı açıqlamalar verən Ukrayna prezidenti V.Zelenski danışıqlara baxmayaraq, Rusiyanın hücumlarının davam etdiyini ifadə edərək, "Müsahibə masasından müsbət işarələr eşidirəm. Amma müsbət əlamətlər partlayışları susdurmur. Rusiyanın bombalarının yaratdığı partlayış səslərini eşidirəm”,-deyə o bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar