Ərdoğan təcili kabineti toplayır

09.05.2022 12:21     Dünyadan reaksiya     505

Bu gün Türkiyə Nazirlər Kabinetinin toplantısı keçiriləcək.

Prezident Tayyib Ərdoğanın sədrliyi ilə bu gün toplanacaq kabinetdə suriyalı qaçqınların geri qaytarılması ilə bağlı işlər müzakirə olunacaq.

Toplantıda son günlərin ən çox müzakirə olunan gündəm maddəsi olan suriyalı qaçqınların və qeyri-qanuni mühacirlərin vəziyyətinin müzakirə edilməsi planlaşdırılır.

Daxili işlər nazirinin müavini İsmail Çataklı Türkiyədəki qaçqınların sayının 4 milyon 82 min 693 olduğunu açıqlayıb. Müvafiq olaraq, qaçqınlar arasında müvəqqəti qoruma altında olan suriyalıların sayı 3 milyon 762 min 686-ya çatıb.

Bölgədə qurulan “yardım körpüsü” çərçivəsində Türkiyədə yaşayan 1 milyon suriyalı üçün Cerablus, Azez, Əl Bab, Ras əl-Ayn və Tel Abyadda ev tikilməsi planlaşdırılır.

İqtisadiyyatda baş verən son hadisələr, xüsusilə inflyasiya və qiymətlərlə mübarizə də Nazirlər Kabinetinin gündəmində olacaq. Nazirlər Kabinetində inflyasiya və qiymət artımı ilə mübarizə çərçivəsində atılacaq yeni addımlar və bu sahədən gələn son məlumatlar da müzakirə olunacaq.

Bundan əlavə, Türkiyənin davam edən daxili və sərhədyanı terror əməliyyatlarına və Rusiya-Ukrayna müharibəsinə son qoymağa yönəlmiş diplomatik təmasları da dəyərləndiriləcək.

Ərdoğan toplantıda alınan qərarları xalqa müraciəti ilə açıqlayacaq.

Reaksiya.az

Şərhlər