Varşava qərar verdi: Rus qazından vaxtından əvvəl imtina edilir

23.05.2022 13:38     Dünyadan reaksiya     141

Polşa hökuməti Rusiyadan qaz tədarükü ilə bağlı müqaviləni vaxtından əvvəl ləğv edib.

Bu barədə “Kommersant” məlumat yayıb.

Qəbul edilmiş qərarı Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Petr Naimski açıqlayıb.

Petr Naimski dəqiqləşdirib ki, Polşa hökuməti hələ mayın 13-də Rusiya hökuməti ilə 1993-cü ildə imzalanmış müqaviləni pozmaqla bağlı qətnamə qəbul edib.

“Demək olar ki, 30 ildən sonra Polşa ilə Rusiya arasında qaz sənayesində münasibətlər dayanır”, - Naimski Polşa radiosunun efirində deyib.

Bununla belə, ölkənin tədarükdən tamamilə imtinası ilin sonuna planlaşdırılır. 2022-ci il üçün nəzərdə tutulan saziş çərçivəsində Polşa Rusiyadan illik 10 milyon kubmetrə qədər qaz ala bilərdi.

Aprelin 26-da Polşa hakimiyyəti Vladimir Putinin tələb etdiyi kimi Rusiya qazının pulunu rublla ödəməkdən imtina edib. Aprelin 27-dən “Qazprom” Polşanın “PGNiG” kompaniyasına qaz tədarükünü dayandırıb. Rusiya şirkəti Polşanın Almaniya vasitəsilə qaz almağa davam etdiyini iddia edib, lakin mayın 4-də “Qazprom” Almaniyanın Rusiyadan Polşaya qaz nəqlini dayandırdığını bildirib.

Reaksiya.az

Şərhlər