Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

01.07.2022 14:07     Dünyadan reaksiya     375

Redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşən “EUObserver” internet nəşrində “Rusiya dağılsa, hansı regionlar müstəqil dövlətə çevrilə bilər?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri Vaşinqtonda yerləşən Enerji Siyasəti Araşdırmaları Fondunun (EPRINC) tədqiqatlar üzrə direktoru Maks Pizyur və ABŞ-ın Nyuyark şəhərində yerləşən Ratgers Universitetinin siyasi elmlər üzrə professoru Aleksandr Motıldır. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.

Rusiya Federasiyasının həm özündə, həm də xaricində analitiklər bu ölkənin bir sıra müstəqil dövlətlərə parçalana biləcəyi ehtimalından getdikcə daha çox danışmağa başlayıblar.

Ukrayna ilə apardığı dəhşətli müharibə Rusiyanın onsuz da zəif iqtisadiyyatını daha da zəiflədir, hakim rejimin legitimliyini və gücünü sarsıdır, rus ordusunun azman obrazının qurama olduğunu göstərir və prezident Vladimir Putini elitanın gözündən salır.

Hansısa məqamda Rusiyada bütün sistem indi bizə bəlli olmayan bir ssenari üzrə çökə də bilər.

O halda ölkənin cənubunda, şərqində və mərkəzində Rusiyadan ayrılmağa namizəd olan əsas bölgələr hansılardır?

Cənub

Rusiyanın İnquşetiya, Çeçenistan və Dağıstan respublikalarının əhalisinin ümumi sayı 5,5 milyon nəfərdir.

Son on ildə bu respublikaların əhalisi 13 faizdən çox artıb.

Hər üçü güclü milli kimlik sərgiləyən, islam dininə etiqad edən və vaxtilə Rusiyaya sərt təpki göstərmiş bölgədir.

Bu üç respublika içərisində XIX əsrdə Rusiyaya qarşı uzun illər müharibə aparmış, XX əsrin sonlarında və XXI əsrin əvvəllərində yenidən milli azadlıq savaşına qalxmış Çeçenistanın xüsusi yeri var.

Çeçenistanın hazırkı avtoritar lideri Ramzan Kadırov geniş səlahiyyətlərə malikdir. Uyğun stimullar alsa, o, asanlıqla Moskvaya arxa çevirə bilər.

Çeçenistan müharibəsinin, daha dəqiqi, İkinci Çeçen müharibəsinin iri hərbi əməliyyatlar dövrü 2000-ci ilin aprelində başa çatıb.

Ancaq çeçen üsyançıların və yaraqlıların fəaliyyəti 2010-cu illərə qədər davam edib.

2002-ci ilin oktyabrında və 2004-cü ilin sentyabrında məktəblilər girov götürülüb, xeyli insan həlak olub.

Sonrakı illərdə bir neçə partlayış hadisəsi baş verib. 2010-cu ilin martında Moskva metrosunda, 2011-ci ilin yanvarında Moskvanın Domodedovo hava limanında, 2013-cü ilin dekabrında Volqoqrad dəmiryol vağzalında törədilən partlayışlara görə məsuliyyəti çeçen, inquş və dağıstanlı silahlılardan ibarət “Qafqaz əmirliyi” adlanan radikal qruplaşma öz üzərinə götürüb.

Şərq

Rusiyanın Uzaq Şərqdə yerləşən əsas bölgələri Saxalin vilayəti, Primorsk, Xabarovsk, Kamçatka diyarları və Saxa Respublikasıdır (Yakutiya).

Bu bölgələrin ümumi ərazisi 1,6 milyon kvadrat mil təşkil edir. İlk dörd ərazidə (Saxalin, Primorsk Xabarovsk, Kamçatka) əsasən ruslar yaşayır. Saxa Respublikası yakutların vətənidir.

Rusiyanın bu beş bölgəsinin əhalisinin ümumi sayı 3,6 milyon nəfərdir. Təkcə Yakutiyada 990 min əhali məskunlaşıb.

Bu bölgələrin hər biri faydalı qazıntılarla zəngindir.

2000-ci illərin əvvəllərində ABŞ və Yaponiyanın rəhbərlik etdiyi konsorsiumların maliyyələşdirib inkişaf etdirdiyi Saxalində neft-qaz hasilatı və ixracı üzrə dünya səviyyəli obyektlər qurulub.

Primorsk diyarında Rusiyanın Sakit okean ticarətində əsas rol oynayan bir neçə liman yerləşir. Kozmino limanı Şərqi Sibir-Sakit okean (ESPO) neft boru kəmərinin son nöqtəsidir (layihə gücü sutkada 1,6 milyon barreldir). 2021-ci ildə Şərqi Sibir-Sakit okean neft borusu vasitəsilə orta gündəlik nəqlin həcmi 720 min barrel təşkil edib. Kozminonun qonşuluğundakı Şərq limanından Çin, Yaponiya, Koreya və Tayvana kömür ixrac olunur.

Yakutiya iqtisadiyyatı əsasən mədən sənayesindən ibarətdir. Rusiyada almaz hasilatının və emalının demək olar hamısı bu bölgənin payına düşür.

Yakutiya həm də Kozmino vasitəsilə daşınan Rusiya kömürünün əsas ixrac mənbəyidir.

Yakutiya və Xabarovskda birgə illik qızıl hasilatının həcmi 64 metrik ton təşkil edir. Bu isə Rusiyanın ümumi qızıl hasilatının 20 faizindən çoxu deməkdir.

Yakutlar öz respublikalarında azlıq təşkil etsələr də, son onilliklərdə bu bölgədə milli dirçəliş baş qaldırıb. Respublikanın Saxa adlandırılması da bu dirçəlişin bir göstəricisidir.

Xabarovsk 2020-ci ilin iyulundan 2021-ci ilin iyulunadək kütləvi nümayişlər mərkəzi olub. Kreml Xabarovsk diyarının məşhur qubernatorunu istefaya göndərəndən sonra keçirilən həmin etiraz aksiyaları bölgədə Moskva əleyhinə əhval-ruhiyyənin artmasından xəbər verir.

Mərkəz

Tatarıstan və Başqırdıstan respublikaları Rusiyanın 85 subyekti (subyekt dedikdə respublikalar, diyarlar, vilayətlər, federal əhəmiyyətli şəhərlər, muxtar dairələr və muxtar vilayətlər nəzərdə tutulur) arasında nadir konstitusiya quruluşuna malik tək-tük bölgələrdəndir. Öz konstitusiya quruluşları sayəsində hər iki respublika əhəmiyyətli dərəcədə muxtariyyət qazana bilib.

Tatarıstanla Başqırdıstanın ümumilikdə 8 milyon nəfərə yaxın əhalisi var. Son on ildə bu respublikalarda əhalinin sayı 0,4 faiz artıb.

Tatarıstanla Başqırdıstanda ümumilikdə gün ərzində 1 milyon barrelə yaxın xam neft hasil olunur. Bu, Rusiyanın ümumi xam neft istehsalının 10 faizə qədərini təşkil edir.

Təkcə Tatarıstanda neft ehtiyatlarının həcmi 7,3 milyard barrelə çatır. Hazırkı hasilat tempi ilə bu, 30 illik neft ehtiyatı deməkdir.

Rusiyanın başqa yerləri ilə müqayisədə bu iki regionda iqtisadiyyat daha yaxşı diversifikasiya olunub, karbohidrogen hasilatını da nəzərə almaqla hər iki respublikada güclü sənaye və kənd təsərrüfatı var.

Tatarıstanla Başqırdıstanın bir neçə çaya, dəmiryol xətlərinə çıxışı onları ticarət yollarının kəsişməsinə gətirib çıxarıb. Birlikdə 15 milyard dollarlıq ixrac, 1,6 milyard dollarlıq idxal həyata keçirən Tatarıstan və Başqırdıstan yüksək xalis ticarət balansına malikdir.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Tatarıstan referendumlara və Kremllə danışıqlara getməklə tam suverenliyə nail olmaq istiqamətində addımlar atdı.

2008-ci ilin avqustunda Rusiya Gürcüstana hücum çəkəndən və Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyandan sonra Tatarıstan öz suverenliyini elan etdi, BMT-dən və Rusiyadan onun müstəqilliyini tanımasını istədi. Amma Rusiya və BMT buna məhəl qoymadı.

Rusiyanın Ukraynada apardığı müharibə Kiyevin qələbəsi ilə bitsə və ya hərbi əməliyyatlar dalana dirənsə, Putin rejiminin sabitliyi pozulacaq və bu qeyri-sabitlik həndəsi silsilə ilə artacaq. Elə bir vəziyyətdə, xüsusilə də Kremldaxili elitaların başı Putinin taxt-tacı uğrunda mübarizəyə qarışsa, böyük ehtimalla bəzi regionlar Rusiya Federasiyasından ayrılmaq yolunu tutacaq.

Bəs sonra – onlar müstəqil dövlət kimi qala biləcəkmi, yoxsa Putini əvəz edəcək adam onları yenidən Rusiyaya birləşdirəcək? Bunu bilmirik. Yalnız bir şeyi əminliklə deyə bilərik ki, Rusiya dağılsa, sonra regionların yenidən Rusiyaya birləşdirilməsi prosesi başlansa, bu, çox zorakı və qanlı bir proses olacaq. Elə bir proses ki, yalnız parçalanmanı sürətləndirə və Rusiyanın birdəfəlik çöküşünə gətirib çıxara bilər.

Reaksiya.az

Şərhlər