Türkiyə XİN İraqda yaranmış vəziyyətdən narahatlığını bildirib

30.08.2022 13:31     Dünyadan reaksiya     167

Türkiyənin hakimiyyət orqanları İraqdakı vəziyyətdən narahatlığını bildirib və bütün tərəfləri təmkin nümayiş etdirməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, müvafiq bəyanat Türkiyə Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“Bağdadda baş verən hadisələr ölkənin sabitliyi, birliyi və təhlükəsizliyi üçün təhdid yaradıb. Dost və qardaş İraqda sabitlik və təhlükəsizlik Türkiyə üçün həyati əhəmiyyət daşıyır. Bununla bağlı olaraq biz ölkədə yayılan zorakılıqdan narahatıq və bütün tərəfləri təmkin, sağlam düşüncə nümayiş etdirməyə çağırırıq”, - XİN-in bəyanatında belə deyilir.

Türkiyə XİN ümid etdiyini bildirib ki, İraqda siyasi fikir ayrılığı hərtərəfli dialoq vasitəsilə sülh yolu ilə həll olunacaq.

Bazar ertəsi günü siyasətdən getdiyini elan edən şiə imamı Muqtada əs-Sadrın yüzlərlə tərəfdarı Bağdadda hökumət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zonanı” tutub. Onlar Respublika sarayını əhatəyə alıb və binaya giriblər. Ölkədə komendant saatı elan edilməsinə baxmayaraq, paytaxtda və bir sıra regionlarda toqquşmalar baş verib. Son məlumata görə, Bağdadın mərkəzindəki silahlı toqquşmalar nəticəsində azı 20 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.

Reaksiya.az

Şərhlər