Azərbaycan beynəlxalq maliyyə institutlarından "yardım almayacaq"

28.01.2016 20:26     Ecoreaksiya     1671

Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankının verəcəyi bildirilən 4 milyard dollar borcu almayacaq, maliyyə naziri bildirib.

Onun sözlərinə görə, Azərbaycanın kifayət qədər xarici valyuta depoziti var və "bu borcu almağa heç bir ehtiyac yoxdur".

"Xarici təşkilatlar bizə valyuta vermir, əksinə biz özümüz onlara borc veririk", Samir Şərifov qeyd edib.

Nazir cümə axşamı keçirilən mətbuat konfransında Azərbaycanın xaricdəki kvotasının iki dəfə artırdığını da əlavə edib. O deyib ki, Azərbaycanın beynəlxalq valyuta fondunda artan valyuta ehtiyyatları, ölkəyə onlardan "texniki kömək" istəmək ixtiyarı verir.

O, dövlətin neft sektorundan asılılığı azaltmaq üçün yeni iqtisadi model hazırladığını da bildirib.

"Bu yeni model qeyri-neft sektorunun gəlirlərinin artırılmasına hesablanıb", o deyib.

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı rəsmilərinin mümkün 4 milyard dollar həcmində təcili borc paketinin müzakirəsi üçün Azərbaycanda səfər edəcəyi barədə The Financial Times yazmışdı.

Fondun sözüsü qəzetə bildirib ki, "BVF-un faktaraşdırıcı əməkdaşları hakimiyyətin xahişi ilə" yanvarın 28-dən fevralın 4-ə qədər Bakıda olacaq və görüşlərdə "mümkün texniki yardım" və "mümkün maliyyələşdirmə ehtiyaclarının qiymətləndirilməsi" məsələləri müzakirə olunacaq.

Dünya Bankının Bakı ofisinin sözçüsü Zaur Rzayev BBC Azərbaycancaya bildirib ki, hər iki qurum Azərbaycan hökumətinin hazırladığı iqtisadi islahatlar proqramının müəyyən elementlərini dəsətkləməyə hazır olduqlarını ifadə ediblər.

"Hökumət tərəfindən hələlik qeyri-rəsmi olaraq müraciət olunub ki, bu proqramı müəyyən maliyyə resursları ilə dəstəkləsinlər", cənab Rzayev deyib.

Onun sözlərinə görə, missiyanın məqsədi həmin proqramın elementlərini müzakirə etməkdir.

Büdcə kəsiri

Mətbuat konfransında cənab Şərifov onu da deyib ki, 2016-cı ilin büdcəsinə yenidən baxılıb və gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb.

Nazirin sözlərinə görə, bundan sonra 2016-cı ilin dövlət büdcəsində yaranan 1,7 milyard manatlıq kəsirin örtülməsi imkanları tapmalıdır.

O deyib ki, 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı vahid xəzinə qalığı 1,4 milyard manat məbləğində olub və bu vəsait bu ilin dövlət büdcəsi kəsirinin örtülməsinə yönəldiləcək.

"Bu ilin dövlət büdcəsinin kəsiri dövlət borc kağızları, özəlləşdirmədən mədaxil və xarici qrantlar hesabına örtüləcək", o əlavə edib.

Nazir onu da deyib ki, yenilənmiş büdcədə neftin 1 barelinin baza qiyməti 25 dollardan götürülüb.

Azərbaycan borclanmalıdırmı?

Maliyyə Nazirliyinin saytına əsasən, Azərbaycan dövlətinin xarici borcu təxminən 7 milyard dollar həcmindədir, iqtisadçı Azər Mehtiyev deyir.

O, hesab edir ki, bu borc Ümumi Daxili Məhsulun 12,4 faizinə bərabərdir, təxminən yarısı 10-20 il müddəttinə ödənilən xərclərdir.

İqtisadçının sölərinə görə, böyük neft gəlirləri ölkəyə daxil olandan sonra Azərbaycan nə BVF-dan, nə də ki DB-dan vəsaitlər almayıb.

"BVF ölkədəki iqtisadi böhran və bu böhrandan çıxmaq üçün milli valyutanın qorunması, bank sektorunun böhrandan çıxarılması yönündə kreditlər verir. Borclar uzunmüddətlidir, amma Azərbaycan neftdən sonrakı dövrə hazırlaşmadığı üçün bu, hökumətin kəskin borclanması deməkdir", o qeyd edir.

İqtisadçı çıxış yolunu xərclənmələrin səmərəli aparılmasında və "bədxərclik edilməməsində" görür.

"Əks halda təbii ki, ölkə borc girdabına düşmə problemi ilə üzləşə bilər", cənab Mehtiyev deyir.

İqtisadçı Vüqar Bayramov isə "Azərbaycan 5 milyard dollar həcmində xarici borclanmaya gedə bilər" deyir.

"Hazırda təxminən 7 milyard xarici borcla Azərbaycan MDB-də ÜDM-da ən az xarici borc payı olan ölkədir. 4 milyard dollar borc verilsə belə, xarici borc təhlükəli həddən aşağı səviyyədə olacaq", o bildirir.

Vüqar Bayramov xərcləmələrin kiçik və orta sahibkarlığa yönəldilməli olduğunu da qeyd edir. O, güzəştli kreditlər verilməsinin və prosesin şəffaf olmasınını tərəfdarıdır.

Şərhlər

Çox oxunanlar