Prezident: "Biz öz hesabımıza yaşamışıq, yaşayacağıq"

20.03.2016 13:44     Ecoreaksiya     1018

“İslahatlar dərinləşəcək”.
 
2016-cı ildə siyasi və iqtisadi islahatlar daha da dərinləşir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar təmin edilir, insan haqları yüksək səviyyədə qorunur. Səmimi deyə bilərəm ki, Azərbaycan demokratik inkişafa görə bu gün bir çox ölkələr üçün nümunə ola bilər.
 
Ölkə.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində çıxışı zamanı bildirib.
 
Prezidentin sözlərinə görə, iqtisadi sahədə aparılan dərin islahatlar neft amilindən asılılığımızı tamamilə aradan götürəcək.
 
“Bu, bizim məqsədimizdir. Biz bu məqsədə doğru gedirik. Keçən ilin sonlarından başlayaraq bu il də davam edən islahatlar siyasəti artıq gözəl nəticələr verir. Qanunvericilikdə dəyişikliklər edilmişdir. Mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycanın uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün konkret addımlar atılır.
 
Əminəm, ilin sonuna qədər davam edən əsas islahatlar, yəni, qəbul ediləcək qərarlar ondan sonra elə şərait yaradacaq ki, Azərbaycan iqtisadiyyatı neft amilindən asılılığını azaldacaq və dediyim kimi, tam aradan götürəcəkdir. Dayanıqlı inkişaf bizim hədəfimizdir. Onu da qeyd etmək istəyirəm ki, biz ancaq öz resurslarımıza əsaslanırıq.
 
Düzdür, bəzi kütləvi informasiya vasitələrində yazılıb ki, Azərbaycan xarici dəstək, xarici maliyyə yardımı istəyib. Bu, tamamilə yalan və mötəbər mətbu orqanlara yaraşmayan təxribatdır. Biz öz hesabımıza yaşamışıq, yaşayacağıq. İndi bizim nə qədər imkanımız varsa, iqtisadi inkişafı o qədər də təmin edəcəyik.
 
Ancaq qeyd etməliyəm ki, mötəbər beynəlxalq qurumlar, xüsusilə Beynəlxalq Valyuta Fondu bizim siyasətimizi, iqtisadi islahatlarımızı dəstəkləyir və bu siyasətimizə çox yüksək qiymət verir. Onu da qeyd etməliyəm ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerə layiq görübdür. Bu da çox böyük göstəricidir.
 
İslahatlar dərinləşəcək, bütün sahələrdə şəffaflıq tam təmin ediləcək. Biz gələcək iqtisadi fəaliyyətimizi, siyasətimizi yeni iqtisadi model üzərində aparacağıq və əminəm ki, yaxın zamanlarda daha da böyük nəticələrə nail olacağıq”.
 

Şərhlər