Avrop İttifaqı “ASAN Viza” sistemini alqışlayır

02.06.2016 12:17     Ecoreaksiya     1387

Fərman Azərbaycana turist axınının çoxalmasına şərait yaradacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərmanını alqışlayırıq.

ANS PRESS-in məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, bu fərman çox böyük əhəmiyyətə malikdir. Fərman Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axınının çoxalmasına şərait yaradacaq.

Bu yaxınlarda Avropa İttifaqı ilə Azərbaycan arasında biznes forum keçirildi. Forumda müzakirə olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. “ASAN Viza” bu işə öz töhfəsini verəcək və uğurlu olacaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutmasının və növbəti görüşün keçirilməsi ilə bağlı razılığın əldə edilməsinin çox müsbət göstərici olduğunu deyən diplomat vurğulayıb ki, Avropa İttifaqı bu cür görüşlərin keçirilməsini alqışlayır.

“Biz çox şadıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bu cür addımlar atılır. ATƏT-in Minsk qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar”, - deyə Malena Mard bildirib.

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb.

 

Şərhlər