Elmar Məmmədyarov: "Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə sadiqdir"

18.09.2016 13:13     Ecoreaksiya     1015

 "Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. İki önəmli beynəlxalq nəqliyyat dəhlizinin - Şimal-Cənub və Şərq-Qərb - kəsişməsində yerləşən Azərbaycan Cənub-Cənub əməkdaşlığı da daxil olmaqla, siyasi müstəqillik və iqtisadi əməkdaşlıq vasitəsilə inkişafı hər zaman təşviq edir".
 
"Report" AzərTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sentyabrın 17-18-də Venesuelanın Marqarita adasında “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında keçirilən 17-ci Sammitində çıxışı zamanı deyib.
 
E.Məmmədyarov çıxışında Qoşulmama Hərəkatının yeni və əvvəlki sədrləri statusunda Venesuelanın və İranın bu beynəlxalq qurumun ədalətli məqsəd və prinsiplərinin inkişaf etdirilməsindəki səylərini yüksək qiymətləndirib. E.Məmmədyarov Qoşulmama Hərəkatının yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynadığını vurğulayaraq qeyd edib: “Lakin hələ də Hərəkatın sülh, inkişaf, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlərin demokratikləşdirilməsi kimi uzunmüddətli məqsədlərinin tam olaraq həyata keçirilməsi istiqamətində görüləcək işlər çoxdur. Biz son qlobal gərginliklər və siyasi böhranların daha çox inkişaf etməkdə olan ölkələrə zərbə vurmaqla, onların iqtisadi və sosial inkişafını ləngitdiyini və beləliklə, bu ölkələrdə insan inkişafı üzrə göstəriciləri aşağı saldığını yaxşı bilirik”.
 
Son on il ərzində Azərbaycanın dünya enerji bazarında və nəqliyyat infrastrukturunun inkişafı layihələri üzrə önəmli aktorlardan birinə çevrildiyini diqqətə çatdıran xarici siyasət idarəsinin rəhbəri deyib: “2015-ci ildə Azərbaycan Respublikasının rəhbərliyi əhalinin rifahının artırılması, savadsızlıq və yoxsulluğun azaldılması, həmçinin Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində fəaliyyətinə görə “2015 Cənub-Cənub” mükafatına layiq görülüb.
 
Sürətli iqtisadi inkişaf Azərbaycanı donor ölkəyə çevirib. Xarici İşlər Nazirliyi yanında Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanda aparıcı qeyri-hökumət xeyriyyə təşkilatı olan Heydər Əliyev Fondu vasitəsilə mənim ölkəm Hərəkata üzv olan bir neçə ölkədə çoxlu sayda sosial, humanitar və inkişaf layihələrini dəstəkləyib və həyata keçirib”.
 
Azərbaycanın dünyada inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı anlaşmaya da xüsusi əhəmiyyət verdiyini söyləyən E.Məmmədyarov ölkəmizin bu il aprelin 25-27-də BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etdiyini, gələn il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini bildirib. Diqqətə çatdırıb ki, biz bütün bunların Qoşulmama Hərəkatı çərçivəsində və ondan kənarda mədəniyyətlər və dinlər arasında qarşılıqlı harmoniyanın təşviqinə davamlı xidmət edəcəyinə inanırıq.
 
“Təəssüf ki, zorakılıq və münaqişələr hələ də inkişaf və çiçəklənməyə mane olur”, - deyən E.Məmmədyarov Ermənistanın 20 ildən çoxdur beynəlxalq hüququn fundamental norma və prinsiplərini davamlı şəkildə və açıq-aşkar pozaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı güc tətbiq etdiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizini işğal edib və bir milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirib. Nəticədə nə Ermənistanda, nə də Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmayıb. BMT Təşlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasətini pisləyən və Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnaməsi hələ də icra edilməyib.
 
Nazir xüsusi vurğulayıb ki, dünya ictimaiyyətin birmənalı mövqeyi beynəlxalq sülhə qarşı bu cür dəhşətli təhlükələrin aradan qaldırılması baxımından oluqca önəmlidir. Bu xüsusda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı Yekun Sənəddə bir daha ifadə edilən əsaslı dəstəyə görə minnətdarlığını bildirir. Bu, üzv dövlətlərin Bandunq prinsiplərinə ciddi riayət etməsinin aşkar təzahürüdür və onların zorakılıq, işğal, etnik təmizləmə, qaçqın və məcburi köçkünlərin insan hüquqlarının kobud şəkildə pozulması hallarına qarşı qəti mövqeyini əks etdirir.
 
E.Məmmədyarov çıxışının sonunda deyib: “Mən bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və üç il sonra Hərəkata sədrlik edəcək dövlətimin adından burada çıxış etdiyim üçün qürur duyuram. 2019-cu ildə Bakıda keçiriləcək 19-cu Sammit rəmzi xarakter daşıyacaq. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. Mən fürsətdən istifadə edərək, Qoşulmama Hərəkatına üzv olan bütün ölkələrin dövlət və hökumət başçılarına növbəti sammitdə iştirak etmək üçün səmimi dəvətimizi çatdırıram”.
 
 

Şərhlər