Ərdoğan: "Bakı-Tbilisi-Qars layihəsi bu ilin sonu açılacaq"

05.11.2016 17:50     Ecoreaksiya     1461

"Səkkiz il davam edən qlobal maliyyə böhranının neqativ təsirlərini yalnız islahatlar yolu ilə aradan qaldırmaq olar". Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bunu qonşu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Maliyyə konqresində çıxışı zamanı bildirib.

 

"Lazımi islahatların aparılmaması səbəbindən qlobal iqtisadiyyat 2008-ci ildəki həcmə çata bilməyib", - deyə prezident bildirib.

 

Onun sözlərinə görə, ciddi çağırışlara baxmayaraq, Türkiyə iqtisadiyyatı artım nümayiş etdirir: "Böyük dövlətlərin iqtisadi artım tempi 2% səviyyəsində olduğu halda, qeyri-stabil regionda yerləşən Türkiyənin iqtisadiyyatı 3-4% artıb. Qlobal maliyyə böhranı başlayan zaman mən bildirmişdim ki, Türkiyə onun öhdəsindən gələcək. Bəziləri buna ciddi yanaşmadı. Lakin reallıq göstərdi ki, bir qədər qeyri-stabilliyi ilə seçilən 2009-cu ili nəzərə almasaq, Türkiyə iqtisadiyyatı rekord templərlə inkişaf etdi".

 

Ərdoğan bildirib ki, iri layihələrin reallaşdırılması davam etdirilir: "Ölkədə çevriliş cəhdinə baxmayaraq, biz bu layihələrin reallaşdırılmasını davam etdirdik. Onların arasında açılışı bu ilin sonuna planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də var. Bu layihə Londonla Pekin arasında dəmir yolu əlaqəsi yaradacaq".

 
 
 

 

Şərhlər

Çox oxunanlar