Kənd təsərrüfatı nazirliyinin aqrar sahəyə vurduğu “kitayski” badalaq

04.12.2016 18:33     Ecoreaksiya     1650

Təxminən 18 aydır ki, dövlətimizin əsas - neft gəlirləri əhəmiyyətli dərəcədə azalıb, kasıblamışıq. Daha Azərbaycan nefti 140-150 dollara satılmır, qiymət 40-50 dollara düşüb. Qarşıdakı 3-5 il ərzində də neftin bahalaşması gözlənilmir. Əlbəttə, belə bir vəziyyətdə Azərbaycan alternativ gəlir mənbələri haqqında ciddi düşünməli, yollar tapmalıdır. Təbii, ölkə rəhbərliyi məsələyə biganə qalmadı və xüsusi olaraq iki sahə prioritet seçildi; kənd təsərrüfatının və turizmin inkişafı. 
 
Prezident İlham Əliyev son 1 ildə demək olar ki, bütün çıxışlarında bu məsələyə toxunur. O, bu yöndə xeyli sərəncamlar, fərmanlar imzalayıb, tövsiyələr, göstərişlər verib.
Sözsüz, hər iki sahə üzrə qısa müddətdə - 2-3 il ərzində bu sahələrdən böyük gəlirlər əldə etmək mümkündür. Kənd təsərrüfatı və turizm üçün ölkəmizin kifayət qədər təbii şəraiti, imkanları var. 
 
Bu səbəbdən hər kəsdə bir ümid yaranıb ki, azalan neft gəlirlərinin yerini qarşıdakı illərdə qeyri-neft sektorundan gəlirlər doldurmaq mümkün olacaq. Praqmatik yanaşmada buna şübhə yoxdur. 
 
Ancaq çox təəssüflər olsun ki, biz ötən bir il müddətində qarşıya qoyulan məqsədlərə nail ola biləcək çevik bir hökumətin olmadığını müşahidə etməkdəyik. Hələ aqrar sahənin inkişafı üzrə proqramlar açıqlananda ekspertlər deyirdi ki, bu işləri kənd təsərrüfatının, turizmin inkişafına hazırda  məsul olan nazirlik və şəxslərlə uğurla həyata keçirmək mümkün deyil. Səbəb kimi o göstərilirdi ki, hazırkı kənd təsərrüfatı naziri Heydər Əsədovun aqrar sahə üzrə bir o qədər yaxınlığı yoxdur, bu sahə uzmanı deyil. Təklif edilirdi ki, uğura nail olmaq üçün bəlli işləri həyata keçirmək məqsədi ilə prezident yeni bir komissiya təşkil etməlidir. Buna birbaşa nəzarət olmalıdır. 
Deyilənlər artıq öz təsdiqini tapmaqdadır. Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin Çindən 1,5 milyon ədəd tut tinglərinin alması xəbərinə cəmiyyətin ilk reaksiyası belə oldu: “Nazirlik təzə yeyinti yeri tapdı”...
 
Bu fikrin formalaşması heç də təsadüfi deyil. Hazırda ölkəmizin ciddi maliyyə krizisi yaşaması bəllidir. Tut tingi isə Çinin xüsusi istehsalı deyil. Tut ağacı tarix boyu Azərbaycanda mövcud olub. Sovetlər dönəmində təkcə Göyçay rayonunda 100 hektarlarla tut bağları olub. Bu rayon barama yetişdirilən bölgələrdən biri idi. 
Bu gün də ölkə boyunca xeyli tut ağacı var. Bu ağacla bir az tanışlığı olan adam bilir ki, onun artırılması çox asandır. Bir budağını belə əyib, kəsib  yerə basdırırsan, söyüd tingi kimi tez bir zamanda pöhrələyir, 1 ilə əməlli ağac olur. Azərbaycanda hansı bir calaqçıya, bağçıya sifariş edilsəydi, bu tinglərin birini hətta 30-40 qəpikdən yetişdirib satardı, pul da öz ölkəmizdə dövr edərdi. Nazirlik isə tingin birini Çindən neçəyə aldığını belə açıqlamır. Qeyri-rəsmi məlumatlara görə isə bu tingin 1-i üçün nazirlik 3 manat xərcləyib! Təkcə onun Çindən Bakıya gətirilməsi üçün yol xərci 10 minlərlə manat edir! Üstəlik bilinmir ki, yabançı ting burada nə cür yetişəcək!
 
Kimsə məsuliyyətin nazirin deyil, hansısa aşağı ranqlı birinin üzərinə düşdüyünü iddia edə bilər. Amma məsələ birbaşa nazirin özünün nəzarətindədir. 
 
H.Əsədov iyulun 22-də Çinin baramaçılıqla məşğul olan “Shandong Guangtong Silkworm” şirkətinin rəhbərini qəbul edib. Həmin şirkətlə müqavilə bağlanıb və açıq tenderə qatılıb. 
 
İndi dövlət araşdırsın ki, Heydər müəllim niyə Azərbaycanın özündə kifayət qədər olan tut tinglərini Çindən alır? Məqsəd nədir? Olan-qalan pulları da belə göyə sovuracaqlarsa, 3-5 il sonra kənd təsərrüfatının inkişafından əldə etdiklərimizi araşdıranda korrupsiya nəticəsində bu gün müflis olmuş bank-maliyyə sisteminin durumuna oxşar bir vəziyyətin şahidi olacağıq... 
 
Yaxud da düz 1 ildir ki, boş torpaq sahələrinin əkilib-becərilməsindən danışılır. Ancaq görünən budur ki, Heydər Əsədov konkret olaraq 2016-cı ilin əkin mövsümünə qədər ciddi bir iş görə bilməyib. Pambıqçılığın inkişafı üçün də yetərli addımlar atılmadı. Sahibkarlar xeyli ziyan edib!
 
Eyni zamanda bir qrup ərəbin Azərbaycana gəlməsindən başqa turizmin inkişafı üçün ciddi tədbirlər – monopoliyadan xilas, fantastik qiymətlərin endirilməsi və s. həyata keçirilməyib...  
 
Azərbaycanın bugünkü çətinliyə düşməsinin səbəbkarları birmənalı olaraq   məmur-oliqarxlardır. Əli Abbasov, Eldar Mahmurov, Cahangir Hacıyev, Akif Çovdarov, Vidadi Zeynalov və s. nümunəsində bir bunların şahidi olmaqdayıq. Son 10 ildə onların müştərək cinayətləri nəticəsində dövlətin azı 6 milyard pulu yoxa çıxıb. Ölkə inkişafdan qalıb. Qeyri-neft sektoruna yönəldilməli olan pulları 5-10 nəfər mənimsəyib. 
Bütün bunlardan sonra vəzifədə olan məmurlar isə yenə də dövlət vəsaitlərini ən azı səmərəsiz şəkildə xərcləməyə davam edirlərsə, bizi qarşıda daha betər problemlər gözləyir. (musavat.com)

Şərhlər