2017-ci ilin dövlət büdcəsi təsdiqləndi

16.12.2016 14:01     Ecoreaksiya     1496

8 gün vaxt verilən hökumət yalnız mədəniyyət sahəsinə və Milli Məclisə əlavə vəsait ayırdı

Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə başlayıb. Qeyd edək ki, bugünkü iclasda 2017-ci ilin büdcə zərfi ilə bağlı Nazirlər Kabinetinin üzvləri də iştirak edib. 
 
Gündəlikdəki 27 məsələ təsdiq olunduqdan sonra spiker hökumətə 8 gün vaxt verildiyini xatırladaraq, sözü maliyyə naziri Samir Şərifova verib. Nazir öz çıxışında deyib ki, mədəniyyət xərclərinin artırılması ilə bağlı əlavə 3 milyon manat ayrılmasına qərar verilib. Habelə Milli Məclisin saxlanması məqsədilə əlavə 850 min manatın ayrılması nəzərdə tutulur. 
 
Gənclər Fondunun vəsaitinin cari ilin səviyyəsində saxlanması təklifi irəli sürülüb. Ancaq hökumət büdcənin azalmasını nəzərə alaraq, Gənclər Fonduna ayrılan vəsaitin azalmasını hökumət ciddi problem kimi qəbul etməyib. 2017-ci ildə vəsaitin azaldılmamasına qərar verilib və gənclərlə bağlı 24 milyona yaxın vəsaitin ayrılması razılaşdırılıb.
 
Bundan sonra maliyyə naziri deputatları qanun layihəsinə səs verməyə çağırıb.
 
Spiker komitə iclaslarında 33deputatın, plenar iclaslarda isə 45 deputatın çıxış etdiyini qeyd edərək, qanunun müzakirəsiz səsə qoyularaq, qəbul olunmasını təklif etdi. Səsvermə ilə layihə qəbul edilib.
 
Daha sonra büdcə zərfindəki digər qanun layihələri də səsə qoyularaq təsdiqlənib. Qeyd edək ki, təkliflərə rəğmən yaşayış minimumu və ehtiyac meyarına da hər hansı dəyişiklik edilməyib.
  
Spiker səsvermədən sonra "hökuməti təbrik edirik və büdcəmiz xeyirli olsun" söyləyib

Şərhlər