Ramiz Məmmədov: “Nazirlər Kabinetinin xarici qrantlarla bağlı qəbul etdiyi yeni qayda özünü doğrultmur”

28.12.2016 13:18     Ecoreaksiya     1453

 

“Bu gün elmdə əsas problemlərdən biri çöl-tədqiqat işlərinin aparılması, digəri isə beynəlxalq, xarici qrant layihələrin ilə bağlıdır”. APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib ki, Nazirlər Kabineti çöl-tədqiqat, ekspedisiya işləri üçün ödənişlər haqqında yeni qaydalar hazırlayıb. Onun sözlərinə görə, təsdiq olunmuş yeni qaydalara əsasən, çöldə tədqiqat işlərini aparmaq üçün elmi işçiyə 10 manat pul verilir: “Əlavə maşın tutulubsa, sürücüyə yanacağı da özündən olmaq şərti ilə yenidən 10 manat verilir. Bu gün kim 10 manata bütün günü çöldə işləyər? Hansı sürücü öz maşını və yanacağı ilə birlikdə bütün gününü çöl işlərinə sərf edər? Gələcəkdə bu sahədə işlərin uğurlu olması üçün maliyyə məsələlərinə yenidən baxılmalıdır. Bununla bağlı müvafiq təkliflər edərək dəyişikliklərin edilməsinə ehtiyac var”.

 

R.Məmmədov vurğulayıb ki, bu gün xarici qrantların alınması ilə bağlı da müəyyən problemlər var. Onun sözlərinə görə, qalib gələn alim xarici qrant hesabında olan maliyyəni ala bilmir: “Nazirlər Kabineti yeni qayda qoyub ki, Nazirlər Kabinetində qeydiyyatdan keçilməlidir, icazə alınmalıdır, yalnız bundan sonra fəaliyyətə başlamaq olar. Elmdə belə tabuların qoyulması məntiqi baxımından özünü doğrultmur. Ona görə elm üçün qadağaların götürülməsi məqsədilə müvafiq qurumlara müraciət etmək olar. Belə qadağanın olması məni də soyudur. Çünki bilirəm ki, təkliflə çıxış etsəm də, qalib olsam da, sonda maliyyəni ala bilməyəcəyəm. Belə çətinliklər var”.

Şərhlər