Nazir: “Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin azalması xarici proseslərə əsaslanır” - EKSKLÜZİV

18.02.2017 11:12     Ecoreaksiya     1601

“Azərbaycanla Türkiyə qarşılıqlı ticarət dövriyyəsinin milli valyutalarla aparılmasını müzakirə edir. Fikir mübadiləsi davam edir, lakin hələlik qətiləşmiş bir fikrə gələ bilməmişik. İki ölkənin İqtisadiyyat Nazirliklərinin əməkdaşları bunun reallaşması üçün texniki səviyyədə iş aparırlar. Nəticə əldə ediləndən sonra məlumat veriləcək”. Bunu APA-nın İstanbul bürosuna açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
 
 
Nazir qeyd edib ki, dünya iqtisadiyyatında qeyri-stabilliyin davam etdiyi bir vaxtda ölkələrin öz milli valyutaları ilə ticarət etmək niyyətini başa düşmək olar. “Bizim üçün iqtisadi sabitliklə yanaşı, siyasi sabitliyin də böyük əhəmiyyəti var. Azərbaycanda və Türkiyədə siyasi sabitlik və güclü siyasi iradə olduğuna görə, iki ölkə arasındakı ticarət əməliyyatlarında alternativ ödəniş formalarının gündəliyə gəlməsi normaldır. Hələlik Türkiyə və Azərbaycanın milli valyutalarla ticarət aparması barədə qərar qəbul edilməyib”, - deyə o bildirib.
 
 
Türkiyənin Azərbaycanın ən iri ticarət partnyoru olduğunu deyən Ş. Mustafayev deyib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin azalması tamamilə beynəlxalq proseslərə səbəbindən baş verib: “Ticarət dövriyyəmizi əvvəlki səviyyəyə çıxarmaq üçün Türkiyə və Azərbaycanın kifayət qədər potensialı var. Azərbaycan ticarətdə şəffaf ölkədir, investisiyalar üçün münbit şəraitimiz var, qanunvericilik bazamız güclüdür, bacarıqlı kadr potensialmız mövcuddur. Bizim əsas işimiz Türkiyə ilə ticarət dövriyyəsini yenidən əvvəlki səviyyəyə çıxarmaqdır və bunun üçün çalışırıq. Özünüz  də görürsünüz ki, bütün cəhdlərimiz və addımlarımız o istiqamətə yönəlib”.
 
 

Şərhlər