Sığorta şirkətlərinin Maliyyə Bazarlarına Nəzarət Palatasına ödəyəcəyi illik haqların maksimum həddi müəyyənləşib

19.04.2017 21:06     Ecoreaksiya     1647

Azərbaycanda sığorta şirkətlərinin (sığortaçı) Maliyyə Bazarlarına Nəzarət Palatasına ödəyəcəyi illik haqların maksimum hədləri və illik haqların hesablanma mexanizmi müəyyənləşdirilib.

 

APA-nın məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları”nda əksini tapıb.

 

Qeyri-həyat sığortası üzrə sığortaçılar üçün illik dövri ödənişin maksimum həddi 700 min manat  müəyyənləşdirilib. İllik dövrü ödənişin hesablanması mexanizminə gəlincə, daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda 180.000 + (H – 30 mln)×1% düsturu ilə hesablanacaq. Burada H – ilin əvvəlindən artan yekunla daxil olmuş sığorta və təkrarsığorta haqlarıdır. Məsələn, sığortaçıya ilin əvvəlindən 40 milyon manat sığorta və təkrarsığorta haqları daxil olduğu təqdirdə sığortaçının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödəyəcəyi illik dövrü ödəniş belə hesablanacaq:

 

180.000 + (40.000.000 -30.000.000)×1%=280.000

 

Beləliklə, 40 milyon manat sığorta və təkrarsığorta haqları toplayan sığortaçı Maliyyə Bazarlarına Nəzarət Palatasına 280 min manat illik haqq ödəyəcək.

 

Başqa bir misal, ilin əvvəlindən 100 milyon manat sığorta və təkrarsığorta haqları toplayan sığortaçının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödəyəcəyi illik dövrü ödəniş belə hesablanacaq:

 

180.000 + (100.000.000 -30.000.000)×1%= 880.000

 

Ancaq bu məbləğ maksimum həddi - 700 min manat həddini keçməsinə baxmayaraq 100 milyon manat sığorta haqqı toplayan sığorta şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasına 700 000 manat ödəniləcək.

 

Qeyri-həyat sığortası üzrə sığortaçıya daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda, Palataya illik dövrü ödəniş 40.000 + (H – 10 mln)×0.70% düsturu, daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda, H × 0.40% düsturu ilə hesablanacaq. Bütün bu hallarda maksimum 700 min manat həddini nəzərə alınmaqla, illik dövrü ödəniş həyata keçiriləcək.

 

Həyat sığortası üzrə sığortaçılar üçün illik dövri ödənişin maksimum həddi isə 750 min manat  müəyyənləşdirilib. Həyat sığortası üzrə sığortaçıya daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda, Palataya illik dövrü ödəniş 198.000 + (H – 30 mln)×1.1% düsturu,  daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda, illik dövri ödəniş  44.000 + (H – 10 mln)×0.77% düsturu, daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda, illik dövrü ödəniş H × 0.44% düsturu ilə hesablanacaq. Bütün hallarda həyat sığortası üzrə illik dövrü ödəniş maksimum 750 min manat həddi nəzərə alınmaqla hesablanacaq.

Şərhlər

Çox oxunanlar