“Əsrin müqaviləsi”nin uzadılması üçün Azərbaycan hansı şərtlər irəli sürə bilər?

04.05.2017 21:09     Ecoreaksiya     1601

İlham Şaban: “Müqaviləni uzatmaq həm Azərbaycan hökumətinin, həm də xarici şirkətlərin marağındadır”

“Əsrin kontraktı” bu gün də ölkəmizə xeyir gətirir və bildiyiniz kimi, indi SOCAR-la tərəfdaşlar arasında danışıqlar gedir ki, bu kontraktın müddəti uzadılsın və mən buna müsbət baxıram. Əlbəttə, bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, kontraktın müddəti daha da uzadılsın”.
Bu sözləri prezident İlham Əliyev Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışı zamanı məktəbin müəllim və tələbələri, Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşündə deyib.


Bəs, görəsən burada söhbət hansı şərtlərdən gedir? Azərbaycan tərəfi kimi digər xarici şirkətlər də “Əsrin müqaviləsinin” imzalanmasında maraqlıdırlarmı?

Azərbaycanın burada əsas maraqları nədən ibarətdir?


Bu suallar ətrafında mövzunu şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, yeni müqavilə hasilatın yeni pay bölgüsünü və digər bir çox şərtləri ehtiva edə bilər: “Dövlət başçısının bu açıqlamada verdiyi mesajın məğzi bundan ibarətdir ki, 1994-cü ildə imzalanmış müqavilə eyni şərtlərlə uzadılmayacaq. Bəlkə də xarici şirkətlər bunda maraqlı ola bilərdi ki, həmin müqavilə müəyyən bir müddətə uzadılsın. Ancaq bu Azərbaycanı qane etmir. Azərbaycan xarici tərəfdaşları ilə hasilatın yeni pay bölgüsü sazişi imzalamağı təklif edib və uzunmüddətli aparılan danışıqlardan sonra onlar buna razı olublar ki, hasilatın pay bölgüsü sazişi imzalansın. Hazırda Azərbaycan prezidenti də bunu dilə gətirib. Qeyd edib ki, şərtlər dəyişdirilə bilər. Faktiki olaraq, 23 dekabr 2016-ci il tarixində Dövlət Neft Şirkəti və “Azəri-Çıraq-Günəşli”-yə daxil olan xarici şirkətlər arasında imzalanan memorandum həmin layihə tərəfləri arasında yeni müqavilənin imzalanması üçün əsas yaradıb. Bu həm də ona yol açır ki, yeni müqavilənin kommersiya şərtləri üzərində dəyişikliklər aparılsın və daha sonra imzalanmağa çıxarılsın. Bunun nə zaman olacağı bəli deyil. Bu tərəflər arasında danışıqların tezliyindən və kommersiya şərtlərinin razılaşdırılmasından asılıdır. Ancaq bizdə olan məlumata görə, əsas şərtlər razılaşdırılıb. Ona görə də, hazırda müqavilənin hazırlanma prosesi gedir”.

 

İlham Şabanın sözlərinə görə, “Əsrin müqavilə”sinin müddətinin uzadılması Azərbaycan üçün sərfəlidir: “Azərbaycan müəyyən səbəblərdən maraqlıdır ki, bu müqavilə 2050-ci ilə qədər uzadılsın, yəni həmin yataqlarda hasilatı özü davam etdirməsin. Səbəb isə odur ki, həmin yataqların işlənməsi üçün vacib olan texnologiya xarici şirkətlərdə ən yüksək səviyyədədir. Biz o texnologiyalara malik deyilik. İndiyə kimi həmin geoloji yataqların 50 faizdən çoxunu BP başda olmaqla, xarici şirkətlər Azərbaycana qazandırıblar. Nəinki Azərbaycanda, ümumiyyətlə keçmiş MDB məkanında geoloji ehtiyatların çıxarılma əmsalı 25 faiz ətrafındadır. Ancaq “Azəri-Çıraq-Günəşli”-də bu rekord həddədir, yəni 50 faizdən yuxarıdır. ACG-dən indiyə qədər 423,5 mln ton neft hasil edilib. Onun çıxarıla biləcək ehtiyatları 1 mlrd ton olsa da, artıq 2010-cu ildən sonra blokda hasilat texniki quyulardan intensiv istifadə hesabına həyata keçirilir. Bu gün 100 hasilat quyusuna 50 texniki quyu düşür və getdikcə onların sayı artacaq. Ona görə ki, yataqlar adi dildə desək “yaşlaşma perioduna” qədəm qoyurlar və laylardakı təzyiqi saxlamaq üçün daha çox geoloji tədbirlərin keçirilməsinə, qaz və su vurulması, quyuların təmiri, yan lüləli quyuların qazılmasına ehtiyac yaranır. Bunlar isə xərclərin artması deməkdir. Belə olan halda bir var bütün xərcləri özün çəkəsən, bir də var onu partnyorlarla bölüşəsən. Daha effektli isə onda olur ki, partnyorlarln əlində həmçinin mütərəqqi texnologiyalar olur ki, çəkilən hər bir dolların qarşılıqlığında daha çox əlavə qazanc etmək imkanı əldə edəsən. Məhz bu səbəbdən də müqavilənin uzatmaq Azərbaycan hökumətinin marağındadır”.


Ekspert xarici şirkətlərin də müqavilənin uzadılmasına maraqlı olduğunu dilə gətirdi və fikrini belə əsaslandırdı: “Sual oluna bilər ki, bu şirkətlərin Azərbaycanda “yaşlaşma perioduna” keçən yataqlarda işləməyə davam etməsinin səbəbi nədir? İndiyə qədər qazandıqları vəsaitlə niyə digər ölkələrdə yeni yataqların axtarışına çıxmırlar. Səbəb odur ki, hazırda yeni yataqlar tapmaq o qədər də asan deyil. Azərbaycan isə artıq həmin şirkətlər üçün bəlli bir məkandır. Xarici şirkətlərin Azərbaycanda işləmək marağının digər səbəbi isə odur ki, başqa bölgələrdə risk dərəcələri böyükdür. Azərbaycan isə bu risk dərəcələrini aşıb, artıq 90-cı illərin ortalarındakı Azərbaycan deyil. Hazırda stabil, müəyyən strukturu olan, oturuşmuş ehtiyatları olan bir ölkədir və bu neft şirkətlərini qane edəcək həddədir. Azərbaycanın dünya bazarına stabil çıxışı var və bu önəmli məsələdir. Onlar da bizimlə işləməkdə maraqlıdır. Bu səbəblər hər üç tərəfi əməkdaşlığa sövq edir”


İlham Şaban qeyd etdi ki, müqavilənin uzadılması ilə bağlı şərtlər imzalandıqdan sonra açıqlanacaq: “Mən xatırlayıram ki, o zaman Azərbaycan maksimum 300 milyon bonus almışdı, bəlkə indi bu müqavilənin imzalanmasına görə 500 milyon bonus aldı. Və ya, ola bilər ki, yeni müqavilədə Dövlət Neft Şirkətinin payı artırılsın. Həmçinin ola bilər ki, onların Azərbaycana verdikləri hazır neft məhsulları ilə bağlı şərtlər daha yaxşı olsun. Təbii ki, dövlət başçısı yeni şərtlər deyəndə bu məsələləri nəzərdə tutur”.

Reaksiya.az

 

Şərhlər