İlham Əliyev: Çəltikçiliyin inkişafı üçün güzəştli kreditlər verilməli, müasir düyü emalı müəssisələri yaradılmalıdır

İlham Əliyev: Çəltikçiliyin inkişafı üçün güzəştli kreditlər verilməli, müasir düyü emalı müəssisələri yaradılmalıdır
Tarix: 04.09.2017 05:13
Oxunma sayı: 571
Paylaş:
Çəltikçiliyin inkişafı üçün güzəştli kreditlər verilməli, müasir düyü emalı müəssisələri yaradılmalıdır.
 
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
 
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın 12 rayonunda çəltikçilik inkişaf edir: "Dünən mən Lənkəranda çəltikçilik təsərrüfatının işi ilə tanış olmuşam. Eyni zamanda, emal müəssisəsi də yaradılıb. Çıxışlarda səslənən təkliflərdən biri də ondan ibarətdir ki, dövlət dəstəyi hesabına yeni emal müəssisələri yaradılsın. Mən bunu dəstəkləyirəm. Bu emal müəssisələrində əlbəttə ki, həm çeşidləmə, həm keyfiyyət və həm də paketləmə üzrə ən yüksək texnologiya tətbiq edilməlidir. Paketləmə elə səviyyədə olmalıdır ki, düyünü dünyanın istənilən ölkəsinə ixrac edə bilək. Bu sahəyə də diqqət göstərilməlidir”.
 
İlham Əliyev əlavə edib: "Qeyd etməliyəm ki, çayçılıqdan fərqli olaraq, çəltikçilik son illər ərzində sürətlə inkişaf edib. Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlər tərəfindən də böyük maraq var. Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik. Mən dünən Cəlilabad rayonunda bir paketləmə müəssisəsinin açılışında da olmuşam. Orada mərci, noxud paketlənir və satışa çıxarılır. Bu da çox gözəl və gəlirli bir sahədir. Əfsuslar olsun ki, biz bu gün də özümüzü bu məhsullarla təmin edə bilmirik və idxaldan asılıyıq. Ona görə, bu sahələrə də çox ciddi dəstək verilməlidir. Hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalıdır”.
 
Dövlət başçısı bildirib ki, 1991-ci ildə - müstəqilliyin ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara çatmışdır və 5600 ton çəltik yığılmışdır: "Bu il isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Bu, çox müsbət haldır. Yenə də qeyd etməliyəm ki, fermerlər tərəfindən bu sahəyə çox böyük maraq var. Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə idisə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb. Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür - həm səpin, həm də yığım vaxtı. Ona görə, indi texnika gətirilib. Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq.
 
Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir. Əfsuslar olsun ki, bu gün bizdə istifadəsiz olan, su altında qalan sahələr, bataqlıq sahələri var. Onlardan da çəltikçiliyin inkişafı üçün istifadə edilməlidir”.
 
Azərbaycan Prezidenti vurğulayıb ki, toxumçuluğa da fikir verilməlidir: "Burada bu məsələyə də toxunuldu. Bu da vacib məsələdir. Çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır. Keçən il ölkəmizə 48 min ton düyü idxal edilmişdir və xaricə 37 milyon dollar getmişdir”.
 

Şərhlər