Şefçoviç: Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq “Cənub Qaz Dəhlizi” ilə məhdudlaşmır (ÖZƏL)

07.09.2017 10:11     Ecoreaksiya     1858

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq “Cənub Qaz Dəhlizi” layihəsinin çərçivələrindən kənara çıxır.

Bunu Trend-ə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç deyib.

Onun sözlərinə görə, Azərbaycan Aİ-nin neftə olan tələbatının beş faizini təmin edən vacib enerji tərəfdaşıdır.

M.Şefçoviç “Cənub Qaz Dəhlizi” vasitəsilə Xəzər regionunun qaz ehtiyatlarının Aİ bazarına tədarük olunmasında ölkənin vacib rolunu qeyd edib. “Amma Azərbaycanla Aİ arasında enerji əməkdaşlığı “Cənub Qaz Dəhlizi” layihəsinin çərçivələrindən kənara çıxır və yenilənən enerji mənbələri və enerji effektivliyinin artırılmasında qarşılıqlı fəaliyyət sahələrini əhatə edir”.

Bundan başqa, M.Şefçoviç qeyd edib ki, Enerji birliyi coğrafi olaraq yalnız Aİ ölkələrini əhatə etsə də, eyni zamanda o, Aİ sərhədlərindən də kənara çıxır. “Aİ-nin enerji təhlükəsizliyi qonşu ölkələrlə sıx bağlıdır və ona görə də əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Biz Aİ-nin enerji bazarını Enerji birliyi vasitəsilə qonşu ölkələrə, o cümlədən Cənub Aralıq dənizi ölkələrinədək genişləndiririk və eyni zamanda Aİ normalarının effektiv həyata keçirilməsini təmin edirik. Bütün bunlar enerji bazarında islahatlara və enerji sektoruna investisiyaların təşviq olunmasına yol açır. Məqsəd Aİ və Enerji birliyinin enerji bazarlarının daha sıx inteqrasiyasını təmin etməkdir”.

Reaksiya.az

Şərhlər