İnkişafda yeni dövr – Azərbaycan dövləti və vətəndaşı dünyanın ən güclülərindən olacaq

16.09.2017 19:42     Ecoreaksiya     2071

Sentyabrın 14-də Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun işlənməsi üzrə 2049-cu ilin sonunadək qüvvədə olacaq yeni sazişin imzalanma mərasimi keçirildi.

Heydər Əliyev Mərkəzində prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirdə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi Azərbaycan hökuməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), eləcə də “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri imzaladılar.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. SOCAR-ın AÇG-dəki iştirak payı isə 1994-cü ildə bağlanmış müqavilədəkindən fərqli olaraq 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulacağı gözlənilir.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25,00%; Chevron- 9,57%; INPEX- 9,31%; Statoil- 7,27%; ExxonMobil- 6,79%; TP- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

 

Prezident İlham Əliyev: “”Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır”

Xatırladım ki, 1994-cü ilin sentyabrın 20-də “Əsrin Müqaviləsi”nin imzalanması ilə Azərbaycanın sonrakı iqtisadi inkişafının təməli qoyuldu. İlk müqavilə imzalanandan bəri AÇG-yə 33 miyard dollar sərmayə qoyulub və 440 milyon ton neft hasil edilməklə Azərbaycan ümumilikdə 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib. İndiyədək AÇG-dən təqribən təqribən 440 milyon ton neft hasil edilib.

Həmçinin, AÇG-dən çıxarılan ümumilikdə 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib. Hazırda AÇG-də 6-i hasilat, 2-si texnoloji olmaqla 8 platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.

Qeyd edim ki, sentyabrın 14-də imzalanan yeni saziş 1994-cü ildə imzalanmış sazişdən daha da böyük miqyaslı və Azərbaycan üçün daha sərfəlidir. Məhz bu baxımdan Azərbaycan prezidenti yeni sazişin imzalanmasını tarixi gün və “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində yeni dövrün başlanğıcı kimi qiymətləndirdi:

“Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var”.

Yeni Sazişdə “Əsrin müqaviləsi”nə nisbətən SOCAR-ın payının 2 dəfədən çox – 11,6 faizdən 25 faizə qaldırılması çox mühüm göstəricidir. Düzdür, bu o deməkdir ki, Dövlət Neft Şirkəti indi yatağın işlənməsinə əvvəlkindən daha çox investisiya yatırmalıdır. Amma bu həm də o deməkdir ki, sazişin iştirakçısı kimi, Azərbaycan hökumətindən əlavə SOCAR-ın mümkün gəlirləri də çoxalacaq. Gələcəkdə istisna olunmur ki, yeni sazişlərin imzalanması zamanı SOCAR-ın payı daha da artırılsın. Çünki dünya təcrübəsinə baxsaq, görərik ki, bir çox ölkələr artıq bu yolla gedərək effekt əldə ediblər. Ölkənin və dövlət şirkətinin gücü artıqca isə illər sonra işlərin icrasını tamamilə də üzərimizə götürə bilərik.

Burada bəzilərini narahat edən məqam Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz nəzərdə tutulmasıdır. Bəziləri bunun Azərbaycan üçün nisbətən kiçik rəqəm olduğunu və bu baxımdan yeni Sazişin Azərbaycanın maraqlarına uyğun gəlmədiyini deyirlər.

Amma artıq yuxarıda qeyd etdiyim kimi, kontraktın icrasında iştirak edəcək SOCAR-ın payının artmasını da unutmaq olmaz. Belə ki, əgər bir tərəfdən mənfəət neftinin 75 faizi Azərbaycana çatacaqsa, digər tərəfdən, yerdə qalan 25 faizin 1/4-i də payçı kimi SOCAR-a, yəni dolayısı ilə Azərbaycana qismət olacaq. Yəni mənfəət neftimizin səviyyəsi 75 faiz+X*1/4-xərclərqədər olacaq.

Üstəlik, onu da unutmayaq ki, Sazişi imzalayan xarici investorlar Azərbaycana 3,6 milyard dollar həcmində bonus ödəyəcəklər. Ödənilən bu bonus borc deyil və onu heç kim bizdən geri tələb etməyəcək. Bu pulların bir qismi Azərbaycana birdəfəlik, digər hissəsi isə tranşlar şəklində ödəniləcək.

Tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramovda Milli.Az-a bildirib ki, bu bonus mənfəət neftinin həcmindən və neftin dünya bazarlarındakı satış qiymətindən asılı olmayaraq Azərbaycana ödəniləcək:

“1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman da bonusun ödənilməsi nəzərdə tutulmuşdu və daha sonra Azərbaycan hökumətinə 300 milyon dollar ödənildi. Amma təbii ki, bonus birdəfəlik ödənilmir. Razılaşmaya əsasən, müqavilə imzalandıqdan sonra, bonusun müəyyən hissəsinin, daha sonra isə görülən işlər görüldükcə mərhələli şəkildə qalan hissəsinin dövlət büdcəsinə ödənilməsi həyata keçirilir. İndiki bonusun məbləği isə 23 il əvvəlkindən 12 dəfə çoxdur – 3,6 milyard dollar. Adətən müqavilə bağlandıqdan sonra bonusdan ilkin tranş verilir, daha sonra isə müqavilədə nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq tranşlar formasında ödənilir. Bu əvəzsizdir, onun nə mənfəət neftinə və ya neftin satışına hər hansı aidiyyatı yoxdur”.

Ekspertin fikrincə, mövcud faiz bölgüsü, həm hökumətə həm də şirkətlərə sərf edir: “Sazişdə Azərbaycanın mənfəət neftinin səviyyəsinin 75 faiz nəzərdə tutulması isə imkan verəcək ki, hasilatın pay bölgüsündə mövcud səviyyəni qoruyub saxlaya bilsin. Bu, əldə edilən mənfəətin hər 100 dollarından 75-nin Azərbaycan dövlətinə çatması anlamına gəlir. Təbii ki, faizlər elə olmalıdır ki, o, həm hasilatda iştirak edən şirkətlər, həm də Azərbaycan dövləti üçün məqbul olsun. Hasilatın əvvəlki pay bölgüləri matriks formasında həyata keçirildiyi üçün, fərqli fazilər vardı və ən yüksəyi isə 75 faiz idi. Azərbaycan hökuməti də yeni Sazişdə həmin payı qoruyub saxlaya bilib. Təhlillər göstərir ki, 75/25 faiz nisbəti hamı üçün məqbul variantdır. Çünki hazırda dünya bazarında neftin qiyməti nisbətən aşağıdır. Neft sektoru 3-4 il əvvəl olduğu kimi rentabelli deyil, rentabellik xeyli azalıb. Buna rəğmən, 75/25 faiz nisbəti həm şirkətlərdə fəaliyyət üçün stimul ayaradır, həm də Azərbaycan hökumətinə satılmış neftdən əldə edilən gəlirin 75 faizinə sahib olmaq imkanı yaradır ki, bu da çox məqbuldur. Bundan əlavə, SOCAR da pay sahibi kimi yerdə qalan mənfəətin 25 faizini əldə edəcək”.

Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi ilə bağlı imzalanmış yeni Sazişin ölkəmizin gələcək inkişafı, onun maliyyə imkanlarımızın genişləndirilməsi baxımından çox böyük əhəmiyyəti var. Belə ki, AÇG-dən hasil edilən neftən ölkəmizə onlarla milyard dollar vəsait daxil olacaq. Sadəcə neftin də tükənməz olmadığını nəzərə alıb bu vəsaitlərdən ekstensiv deyil, intensiv formada ölkənin davamlı inkişafına gətirib çıxaracaq layihələrə, istiqamətlərə sərf etmək, bu minvalla dövlətin iqtisadi gücünün daha artırılmasına və vətəndaşların sosial rifahının daha da yaxşılaşdırmasına çalışmaq lazımdır.

Reaksiya.az

Şərhlər