BOLQARISTAN AZƏRBAYCAN QAZINA ÜMİDLİDİR

20.01.2018 13:47     Ecoreaksiya     2409

Bolqarıstanın baş naziri Boyko Borisov yanvarın 15-də Azərbaycanda rəsmi səfərdə oldu. Bu səfərdən 6 gün əvvəl Boqlarıstan prezidenti Rumen Radev Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng etmişdi.

Telefon söhbətində iki əsas mövzuya toxunuldu: Bakı-Sofiya hava reysinin açılması və “Cənub Qaz Dəhlizi” layihəsi. Söhbətin sonuda Bolqarıstan prezidenti azərbaycanlı həmkarını Boqlarıstana rəsmi səfərə dəvət etdi.

Bolqarıstan prezidentinin İlham Əliyevə zəngi Bolqarıstan baş nazirinin Bakıya səfərinin əhəmiyyətini artırırdı. Çünki, elə Bolqarıstanın baş naziri Boyko Borisov da Bakıda prezidentlərin telefonda danışdığı mövzuları geniş müzakirə etdi. Bu səfər və Bolqarıstanla əlaqələrin inkişafı rəsmi Bakı üçün də vacibdir. Bolqarıstan 6 ay ərzində Avropa İttifaqına rəhbərlik edəcək. Ona görə də yeni ildə Azərbaycana ilk rəsmi səfərin Bolqarıstan baş nazirinin həyata keçirməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edirdi. Ümumiyyətlə iki dövlətin rəsmiləri arasında səmimi münasibətlər formalaşıb.

Bolqarıstanla-Azərbaycan arasındakı əməkdaşlığı genişləndirəcək əsas mövzular bunlardır:

Birinci mövzu Azərbaycan qazının Bolqarıstana çatdırılmasıdır. TANAP boru xəttinin tikintisi başa çatmaq üzrədir. TAP-ın da çəkilişi başlayıb. Yəni bir müddətdən sonra Azərbaycan qazı Bolqarıstana çatdırılacaq. Rəsmi Sofiya istəyir ki, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanın qazlaşdırılmasında da iştirak etsin. Bunu Bolqarıstanın baş naziri Boyko Borisov Bakıda bir neçə dəfə səsləndirdi. Məsələn, SOCAR Gürcüstanda və Albaniyada qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir. Bolqarıstan da bunu istəyir. İlham Əliyev artıq bununla bağlı SOCAR rəhbərliyinə göstəriş verib.

Bolqarıstan ərazisinin cəmi 3 faizi qazlaşdırılıb. Bolqarıstanda qış aylarında evlərdə odun və kömürdən istifadə edildiyindən hava çirklənir. Ona görə də Azərbaycan qazının Boqlarıstan sakinlərinə çatdırılması bu ölkədə ekoloji duruma da müsbət təsir edəcək. İki ölkənin qazın qiyməti məsələsində də razılaşması vacibdir. Bolqarıstan hər bir alıcı kimi sərfəli qiymətlərlə Azərbaycan qazını əldə etmək istəyir.

Azərbaycan qazının Bolqarıstana ötürülməsinin geoiqtisadi və geosiyasi əhəmiyyəti də var. Əgər Azərbaycan Bolqarıstana qaz ixrac etməkdən başqa bu ölkədə qazın paylaşdırılması çalışmalarında da iştirak etsə, bu Azərbaycanın Balkan yarımadasındakı mövqeyini güclənəcək. Rusiyanın “Qazprom” şirkəti də bölgə ölkələrinə qaz satır. Ancaq SOCAR-ın “Qazprom” şirkətindən iki üstünlüyü ola bilər. SOCAR-ın “Qazprom”dan birinci üstünlüyü öz qazını daha ucuz qiymətə sataraq Balkan ölkələri arasında cəlbediciliyini artırmasıdır. SOCAR-ın “Qazprom”dan ikinci üstünlüyü qaz ixrac etdiyi ölkələrə investisiyalarını artırmasıdır. Balkan ölkələri hazırda “Qazprom”un qiymətlərindən o qədər də razı deyillər və investisiyalarının az olmasından da narazıdırlar.

Gələn xəbərlərə görə, Ukrayna Azərbaycan qazını Bolqarıstan üzərindən alınmasına maraq göstərir. Bu baş verərsə, Bolqarıstan Azərbaycan qazını paylaşdıran ölkəyə də çevrilə bilər.

İkinci mövzu Bakı-Tbilisi-Qars dəmiryolunun Bolqarıstana qədər uzadılmasıdır. Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu, Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu olacaqdır. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu işləyir və məsafə baxımından Avropa və Asiya arasında ən qısa yoldur. Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına bilər. Bolqarıstanın özündə dəmir yolları tikilir ki, əsas məqsədlərdən biri daha sonra Türkiyə üzərindən Bakı-Tbilisi-Qars dəmir yoluna qoşularaq yüklərin Avropanın digər ölkələrinə çatdırılmasından iştirak etməkdir.

Üçüncü mövzu Bakı-Sofiya marşrutu üzrə təyyarə uçuşlarının həyata keçirilməsidir. Bolqarıstan və Azərbaycan baş nazirləri təyyarə reysinin açılması mərasimində iştirak etdilər. Təyyarə reyslərini Azərbaycanın “Buta Airveys” şirkəti icra edəcək. Birbaşa reysin açılması iki ölkə vətəndaşları arasında əlaqələrin və qarşılıqlı turizmin inkişafına təkan verməlidir. Uçaq biletinin qiyməti də münasibdir, cəmi 29 avro. Ancaq bu hava reysinin daimi olması üçün iki şərtin yerinə yetirilməsi vacibdir:

Birinci şərt Bolqarıstana giriş üçün vizaların sadələşdirilməsidir. Əgər Bolqarıstan hökuməti Bakı ilə hava xəttinin daima işlək vəziyyətdə qalmasını istəyirsə, Azərbaycan vətəndaşlarına sadələşdirilmiş viza tətbiq etməlidir. Məsələn, azərbaycan vətəndaşlarının Macarıstana sadələşdirilmiş viza ilə səyahət etmək imkanları var.

İkinci şərt Bolqarıstanın turizm məkanlarının Azərbaycanda, Azərbaycanın turizm məkanlarının isə Bolqarıstan tanıtdırımasına ehtiyac var. Məsələn, Azərbaycan vətəndaşları Şərqi Avropa ölkələrindən daha çox Macarıstana və Çexiyaya səfər edirlər. Çünki, bu həm ucuz, həm də yaxşı reklam olunmuş istiqamətlərdir.

Dördüncü mövzu iki ölkə arasında iqtisadi əlaqələrin inkişafıdır.Bolqarıstandan Azərbaycana əsasən kənd təsərrüfatının ixracı həyata keçirilir. Ancaq ticarət mübadiləsi kiçikdir. Rəsmi Sofiyanın da fikri belədir ki, Azərbaycan qazının Bolqarıstana təchizatı baş tutacağı halda iqtisadiyyatın digər sahələrində əməkdaşlıq canlanacaq.

Beşinci mövzu da var. Bolqarıstan Avropa İttifaqında Azərbaycanın dəstəkçisinə çevrilə bilər. Məsələn Bolqarıstan prezidenti və baş naziri avropalı rəsmilərlə danışıqlarında Brüsselin Azərbaycana qarşı siyasətinin dəyişdirilməsini və vizanın yumşaldılmasını xahiş edirlər. Bolqarıstanın Avropa İttifaqına sədr olacağı 6 ayda bu istiqamətdə səylərini daha da artıracağını proqnozlaşdırmaq mümkündür. Rəsmi Bakı da Brüssellə danışılqarı intensivləşdirərək Avropa İttifaqı ilə strtaeji sazişi Bolqarıstanın sədr olduğu müddətdə imzalayarsa bu da Azərbaycanın xeyrinə ola bilər.

“Atlas” Araşdırmalar Mərkəzi

Reaksiya.az

 

Şərhlər