Əli Həsənovun açıqlaması ilə bağlı təkzib gəldi

“Bu açıqlama 2 il əvvəl və başqa formada deyilib”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti “Yeni Müsavat”a müraciət yollayıb. Müraciətdə bildirilir ki, moderator.az saytı 12 fevral 2018-ci il tarixdə “Ermənilərin canına yağ kimi yayılacaq açıqlama: "Guya bizim xalqlar arasında düşmənçilik var" adlı yazı yerləşdirib. Sözügedən yazıda bildirilir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İsveç Krallığının xarici işlər naziri Marqot Vallströmlə görüşdə deyib: “Bu, ədalətsizlikdir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan xalqları düşmən deyil. Amma dünyaya yayırlar ki, guya bizim xalqlar arasında düşmənçilik var. Bu, belə deyil. Bunu da yayan 200 ildir mövcud olan erməni diasporudur”.

Mətbuat xidmətinin müraciətində qeyd olunub ki, komitə tərəfindən “Moderator.az” saytı ilə əlaqə saxlanılıb və sözügedən görüşün 2016-cı ildə baş tutduğu nəzərə çatdırılıb. Sözügedən tədbirdə səslənən fikirlər isə aşağıdakı kimi olub. Baş nazirin müavini Əli Həsənov deyib: “ATƏT-in Minsk Qurupunun həmsədrləri hər yeniləri seçiləndə bir ideya atırlar ortaya və bunu da müzakirə edə-edə müddətlərini başa vururlar. İndi də, yeni bir fikir atıblar ortaya ki xalqlar arasında qarşılıqlı etimad yaratmaq lazımdır. Biz 200 il qonşuluqda yaşamışıq. Məgər etimad olmayıb? Olub. Bu düşmənçiliyi yaradanlar Ermənistanın separatist faşist rejimi və himayədarıdır...”

Açıqlamanın davamı isə saytda dərc edilən kimidir. Mətbuat xidmətinin müraciətində daha sonra aşağıdakılar yer alıb: “Bu barədə “Moderator.az” saytının rəhbəri ilə əlaqə saxladıq və onlar həmin yazını saytlarından çıxartdılar. Lakin, təəssüflər olsun ki, bir sıra saytlar bu yazının ətrafında müzakirələr açır, bəziləri isə öz çirkin niyyətlərini ifadə edirlər. Hesab edirik ki, belə ədalətsiz və məqsədli yanaşma yol verilməzdir”.

Reaksiya.az isə xatırladır ki, dünənki mediada bu xəbər aşağıdakı kimi yer almışdı: “Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 24 ildir Dağlıq Qarabağ münaqişəsi həllini tapmır: “Bu, ədalətsizlikdir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan xalqları düşmən deyil. Amma dünyaya yayırlar ki, guya bizim xalqlar arasında düşmənçilik var. Bu, belə deyil. Bunu da yayan 200 ildir mövcud olan erməni diasporudur. Biz hər kəsi ölkəmizə dəvət etməklə çox düzgün yol seçmişik. Məqsəd odur ki, ölkəmizə gələnlər əsl reallıqları öz gözləri ilə görsünlər. Artıq biz bu yolun müsbət nəticələrini də görməkdəyik. Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Hətta Bakıda erməni kilsəsi də qorunub saxlanılıb”.

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər