Azərbaycan-Gürcüstan-Türkiyə boru kəmərlərinin mühafizə zonaları yeni qaydada müəyyən ediləcək

10.04.2018 15:38     Ecoreaksiya

Nazirlər Kabineti "Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nı təsdiq edib.
 
APA-nın məlumatına görə, yeni Qaydanın qəbulu ilə əlaqədar  "Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin və Cənubi Qafqaz qaz boru kəmərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli qərarı ləğv edilib.
 
Yeni Qaydalara əsasən məsləhətləşmə və mühafizə zonaları  Azərbaycan - Gürcüstan-Türkiyə boru kəmərləri adlandırılan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas Ixrac Boru Kəməri ( BTC), Cənubi Qafqaz Boru Kəməri (CQ) və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş (CQG) boru kəmərlərinin, həmçinin yerüstü qurğuların tikintisi və onların təhlükəsiz istismarını təmin etmək məqsədi ilə hazırlanıb. Məsləhətləşmə və mühafizə zonaları yaşayış məntəqələrinin (şəhərlər, qəsəbələr və kəndlər) və kənd təsərrüfatı fəaliyyətinin gələcək inkişafı üzrə tətbiq olunan məhdudiyyətlərin minimuma endirilməsi məqsədi ilə tərtib edilib. Bu Qaydalar hər boru kəmərinin mərkəzi oxundan hər tərəfə müvafiq olaraq 4 metr, 15 metr və 500 metr məsafədə yerləşən üç zona: zona 1, zona 2 - mühafizə zonaları və zona 3 - məsləhətləşmə zonası daxilində tətbiq olunan məhdudiyyət və şərtləri müəyyən edir. AGT boru kəmərlərini istismar edən təşkilat (istismarçı təşkilat) mühafizə və məsləhətləşmə zonalarının daxilində, gündəlik normal əməliyyatlardan başqa, onun personalı və ya podratçıları tərəfindən aparılacaq mühüm planlaşdırılmış işlərin başlanılmasından 2 gün əvvəl, fövqəladə hallarda isə dərhal Xüsusi Dövlət Mühafizə Xidmətinə məlumat verməlidir. Gündəlik normal əməliyyatların icrası istismarçı təşkilat və Xüsusi Dövlət Mühafizə Xidməti arasında razılaşdırılmış müvafiq prosedurlar əsasında tənzimlənir. Bu Qaydalarda göstərilən məhdudiyyətlər və şərtlər Azərbaycan Respublikasının ərazisində AGT boru kəmərlərinin istismarı üçün tətbiq olunur və bütün mövcud norma və prosedurları (yalnız AGT boru kəmərləri ilə əlaqədar) əvəz edir.

 
AGT boru kəmərlərinin təhlükəsiz istismar olunması və dəhliz boyu yaşayan əhaliyə, ətraf mühitə münasibətdə güman edilən risklərin minimuma endirilməsi məqsədi ilə məsləhətləşmə zonaları aşağıdakı qaydada müəyyən edilir:
 
-  hər bir boru kəmərinin və çoxxətli boru kəmərlərinin marşrutu boyunca kənar boru kəmərlərinin mərkəzi oxundan hər tərəfə 500 metr məsafədə zona
- hər boru kəmərinin mərkəzi oxundan hər tərəfə 500 metr məsafədə aidiyyəti orqan və təşkilatlar tərəfindən bütün mühüm planlaşdırmanı nəzərdə tutan fəaliyyətlər, yəni infrastruktur qurğularının tikintisi və yenidən qurulması, partlayış işlərinin aparılması, payavurma, irimiqyaslı torpaqqazma işləri, su hövzələri axarlarının dəyişdirilməsi (kanallar, çaylar, göllər) barədə istismarçı təşkilata əvvəlcədən məlumat verilməlidir;
- CQ və CQG boru kəmərinin mərkəzi oxlarından hər tərəfə müvafiq olaraq 385 və 420 metr, BTC boru kəmərinin mərkəzi oxundan hər tərəfə 120 metr məsafədə xəstəxanaların, məktəblərin, üç mərtəbədən yuxarı olan yaşayış evlərinin, sənaye və kənd təsərrüfatı təyinatlı binaların və hər hansı ictimai-kütləvi obyektlərin (ictimai risk meyarları nəzərə alınmaqla) tikintisi qadağan edilir.
 
Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları, habelə bələdiyyələr bu məsləhətləşmə zonalarının hüdudlarında torpaq sahələri ayrılarkən həmin ərazidə mövcud olan daşınmaz əmlak üzərində mülkiyyət, istifadə, icarə hüquqları, həmçinin əvvəllər inşa edilmiş və sənədləri müvafiq təşkilatlarla razılaşdırılaraq dövlət qeydiyyatına alınmamış daşınmaz əmlak istisna olmaqla, sənədləşdirmə prosedurlarında həmin qadağalara riayət olunmasını təmin etməlidirlər. ASME B31.8 standartına (Amerika Mühəndis-Mexaniklər Cəmiyyətinin B31.8 nömrəli standartı) uyğun olaraq CQ və CQG boru kəmərlərinin mərkəzi oxlarından hər tərəfə 201 metr məsafədə  mövcud əhalinin və tikililərin sıxlığı daimi nəzərə alınmalıdır. Bu zonada başqa hüquqi və ya fiziki şəxslər tərəfindən hər hansı bir dəyişikliklərin planlaşdırılması nəzərdə tutularsa, bu Qaydaların tələblərinə riayət olunmaqla, dəyişikliklər istismarçı təşkilatın yazılı rəyi əsasında  Energetika Nazirliyi ilə əvvəlcədən razılaşdırılmalıdır. AGT boru kəmərlərinin məsləhətləşmə zonası daxilində, eləcə də çay keçidlərində hər hansı növ odlu silahdan atəş açılması və istismarçı təşkilatın icazəsi olmadan kütləvi tədbirlərin və təlimlərin keçirilməsi qadağan edilir. Çay keçidinin yuxarı və aşağı axarları üçün 5 kilometrlik məsləhətləşmə zonası nəzərdə tutulur. Bu zona daxilində çay yatağında çay axarına təsir edəcək və eroziya ilə nəticələnə biləcək hər hansı fəaliyyətin aparılması, bənd və ya maneələrin tikilməsi üçün lisenziya, icazə və ya səlahiyyətlər verilməmişdən əvvəl istismarçı təşkilat xəbərdar edilməlidir. İstismarçı təşkilat öz növbəsində çay keçidi üzrə belə fəaliyyətlərin nəticələri haqqında dövlət təşkilatlarına məlumat və məsləhət verməlidir.
 
AGT boru kəmərlərinin mühafizə zonaları hər yeraltı boru kəmərinin mərkəzi oxundan hər tərəfə 15 metr məsafədə müəyyən edilir. Zona 2 hər boru kəmərinin mərkəzi oxundan hər tərəfə 4 metrdən – 15 metrə qədər müəyyən edilir. Zona 2-də istismarç ıtəşkilatı xəbərdar etmədən aşağıdakı fəaliyyətlərə icazə verilir:
 
- istismarçı təşkilat tərəfindən müəyyən edilən və xüsusi məhdudiyyətlər tətbiq olunan ağacların, kolların və bitki növlərinin əkilməsinə;
- ağırlığı 4,0 tonadək olan traktorla maksimum 30 santimetr dərinlikdə şumlama işlərinin aparılmasına;
- dərinliyi 30 santimetrdən artıq olmayan, torpağa təzyiqi 1,01 kq/sm2
-dək və çəkisi 10,6 tonadək olan kənd təsərrüfatı maşını ilə və ya tək oxa düşən, yükü 7,63 tonadək olan maşınmexanizmlərlə kənd təsərrüfatı işlərinin aparılmasına.
 
Zona 2 daxilində aşağıda göstərilən işlər və fəaliyyətlər qadağan edilir:
 
-  hər hansı növ yaşayış və ya qeyri-yaşayış binasının tikintisi;
- hər hansı növ hasar və ya çəpər tikintisi və quraşdırılması;
- mal-qara üçün hasarlanmış yerlər də daxil olmaqla, hər hansı tikililərin inşası və ya qurğunun quraşdırılması;
- mal-qara üçün yemlərin, gübrələrin və materialların saxlanılması, quru ot və ya samanın tayalanması;
- hər hansı növ od qalanması;
- keçid, nəqliyyat keçidi və yolların salınması;
- traktorlar, kənd təsərrüfatı maşın-mexanizmləri və digər motorlu nəqliyyat vasitələri üçün dayanacaqların tikintisi və ya istifadəsi;
- partlayıcı maddələrdən istifadə olunması, hər hansı növ odlu silahdan atəş açılması, payavurma və ya digər oxşar fəaliyyətlər;
- hər hansı turşu, qələvi məhlullarının, digər alışa bilən aqressiv və ya toksik mayelərin axıdılması;
-  istismarçı təşkilatın icazəsi ilə aparılan işlərdən başqa, hər hansı qaynaq və alov işləri;
- işarə və ya katod sınaq nöqtələrinə müdaxilə, o cümlədən onların yerinin dəyişdirilməsi, basdırılması, sındırılması, aşırılması və s.;
- zona daxilində istismarçı təşkilatın qurğularına hər cür müdaxilə, siyirtmələrin (əks klapanların) açılması və bağlanılması, kommunikasiya qurğularının işə salınıb-dayandırılması, elektrik təchizatı qurğusuna müdaxilə;
- torpağın səviyyəsində əhəmiyyətli dərəcədə dəyişiklik edilməsi;
-  eroziyaya qarşı nəzarət tədbirlərinə, boru kəmərlərini və onların mühafizə zonasını təhlükədən qoruyan drenaj xəndəklərinə, suvarma kanallarına, arxlara və bəndlərə, onların axarına hər cür müdaxilə edilməsi;
-  hər hansı neft dağılmalarının saxlanması və ya neft
dağılmaları zamanı ətraf sahələrin mühafizəsi üçün layihələndirilmiş arxların və bəndlərin, onların axarının dəyişdirilməsi və ya başqa cür müdaxilə edilməsi;
- boru kəmərlərinin və ya onların mühafizə zonasının su basması ilə nəticələnə biləcək hər hansı fəaliyyət növü;
-  santimetrdən artıq dərinlikdə, 10,6 tondan artıq çəkisi olan maşınla, 1,01 kq/sm2 -dən artıq torpağa təsir gücü olan və ya tək oxa düşən yükü 7,63 tondan artıq olan maşınla kənd təsərrüfatı işlərinin aparılması;
-  istismarçı təşkilatın icazə verdiyi növlərdən başqa, ağacların, kolların və bitkilərin əkilməsi.
 
İstismarçı təşkilatın razılığı olan hallarda onun "İcazələr sisteminə” uyğun və nəzarəti altında aparılan işlər istisna olmaqla, mühafizə zonası daxilində aşağıdakı fəaliyyət növləri qadağan edilir:
 
-  torpağın altı və ya üstü ilə (səthə qoyulmuş və ya dirəklər vasitəsi ilə) xətlərin (anbar üçün elektrikləşdirilmiş çəpərlənmə daxil olmaqla), kabellərin və ya istənilən növ boruların çəkilməsi;
- kənd təsərrüfatı məqsədləri üçün zəruri olan bitki çəpərlərinin təşkili;
- yolların, cığırların və ya dəmir yolunun tikilməsi;
- santimetrdən dərin olan yeni irriqasiya və ya drenaj kanallarının tikilməsi;
- qazma işləri;
- yerin səviyyəsində dəyişikliklər edilməsi.
 
Zona 1 hər boru kəmərinin mərkəzi oxundan hər tərəfə 4 metrə qədər müəyyən edilir. Bu zonada istismarçı təşkilatın və Xüsusi Dövlət Mühafizə Xidmətinin aşağıdakı hüquqları var:
 
-  müntəzəm olaraq xüsusi atlı patrullar və ya müvafiq nəqliyyat vasitələri ilə təftişlər keçirmək;
- mühüm təftiş, texniki və mühafizə xidməti ilə bağlı fəaliyyətlər üçün lazımi nəqliyyat vasitələri ilə zonaya daxil olmaq.
 
Torpaq mülkiyyətçisi və ya istifadəçisi hər hansı maneə yaratmadan və ya iddia irəli sürmədən istismar, texniki və mühafizə xidməti məqsədi ilə istismarçı təşkilatın və  Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının sahəyə daxil olmasına hər zaman icazə verməlidir. İstismarçı təşkilat və Xüsusi Dövlət Mühafizə Xidməti lazım olan fəaliyyətləri yerinə yetirmək hüququnu özündə saxlamaqla, heç bir kompensasiya ödəmədən bu zonada kənd təsərrüfatı əkinlərinə ziyan vurmamağa və ya ziyanın minimum səviyyəyə çatdırılmasına çalışmalıdır.
 
İstismarçı təşkilatı xəbərdar etmədən bu zonada aşağıdakı fəaliyyətlərə icazə verilir:
 
-  ağırlığı 4,0 tonadək olan traktorla maksimum 30 santimetr dərinlikdə şumlama işlərinin aparılması;
- santimetrdən artıq olmayan dərinlikdə, torpağa təzyiqi 1,01 kq/sm2-dək olan, çəkisi 10,6 tonadək olan kənd təsərrüfatı maşını ilə və ya tək oxa düşən yükü 7,63 tonadək olan maşınmexanizmlə kənd təsərrüfatı işlərinin aparılması.
 
İstismarçı təşkilatı əvvəlcədən xəbərdar etməklə və onun icazəsi ilə aşağıdakı fəaliyyətlərin görülməsinə icazə verilir:
 
-  mühafizə xidmətinin təşkilinə maneə törətmədiyi halda, kənd təsərrüfatı fəaliyyətinin aparılması məqsədi ilə istismarçı təşkilatın icazə verdiyi bitki növlərinin çəpər kimi istifadə olunması üçün əkilməsinə;
-  torpağın profilində heç bir dəyişiklik aparmadan 30 santimetrdən dərin olmamaq şərtilə, mövcud olan kanal və arxların təmizlənməsinə.
 
Çəpərlərin zonaların eni üzrə qurulduğu yerlərdə bütün boru kəməri boyunca normal istismar, texniki və mühafizə xidməti ilə bağlı işlərin görülməsi üçün torpaq mülkiyyətçisi və ya istifadəçisi istismarçı təşkilatı və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını əlverişli giriş yolu ilə təmin etməlidir. Qadağan olunan fəaliyyətlər zona 2 üçün nəzərdə tutulmuş bütün məhdudiyyət və şərtlərlə birlikdə bu zonada tətbiq olunur. Boru kəmərlərinin oxlarından hər tərəfə 4 metr məsafədə əlavə olaraq aşağıdakı fəaliyyət növləri qadağan edilir:
 
-  boru kəmərləri üzrə texniki nəzarətçinin və mühafizə patrulunun (xüsusi nəqliyyat, atlı, piyada) öz fəaliyyətini yerinə yetirməyə və istismarla bağlı zəruri digər əməliyyatların həyata keçirilməsinə mane olan hər hansı fəaliyyət;
- boru kəmərlərinə zərər vura biləcək hər hansı fəaliyyət;
-  boru kəmərlərinin müəyyən olunmuş keçid nöqtələrindən başqa, çəkisi 1,5 tondan artıq olan hər hansı növ maşınların keçməsi (bu Qaydalarda icazə verilmiş hallar və ya istismarçı təşkilatın razılığı ilə onun "İcazələr sistemi” və nəzarəti altında həyata keçirilən işlər istisna olmaqla);
-  santimetrdən dərin yeni irriqasiya və ya drenaj kanallarının tikilməsi;
-  torpaq nümunələrinin götürülməsi, tədqiqat aparılması, faydalı qazıntıların çıxarılması, meliorasiya və ya bu kimi işlər;
- quyuların qazılması;
-  torpağın səviyyəsində hər hansı dəyişiklik;
- boru kəmərlərinin ətrafındakı torpağın quruluşunu pozan, torpağa edilən hər hansı fiziki təsir;
- boru kəmərləri üzərində torpaq örtüyünün artırılması və ya azaldılması;
- müxtəlif növ tullantıların və digər maddələrin yığılması.

Reaksiya.az

Advertisement Banner

Şərhlər