Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Microsoft Azərbaycan”la əməkdaşlıq perspektivləri müzakirə edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Microsoft Azərbaycan”la əməkdaşlıq perspektivləri müzakirə edilib
Tarix: 13.04.2018 13:00
Oxunma sayı: 499
Paylaş:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Microsoft Azərbaycan” şirkəti gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Nazirlikdən bildirilib ki, müzakirələr nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə İdarə Heyətinin üzvü, MDB ölkələri üzrə baş direktoru Ronald Binkofskinin başcılıq etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

Nazir Ramin Quluzadə bildirib ki, "Microsoft" şirkəti ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və belə görüşlər əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır. Nazir ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib, son illər Azərbaycan hökuməti tərəfindən piratçılığa, o cümlədən kompüter piratçılığına qarşı mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə də danışıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft Azərbaycan” şirkəti arasında yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması sahəsində faydalı əməkdaşlığa toxunan nazir bu əməkdaşlığın uğurlu nəticələr verdiyini qeyd edib.

Öz növbəsində Ronald Binkofski nümayəndə heyəti adından səmimi qəbula və məhsuldar müzakirələrə görə təşəkkürünü ifadə edib. O, Azərbaycanla birgə səmərəli əməkdaşlığın inkişafından məmnun olduqlarını qeyd edib.

Eyni zamanda, görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Microsoft Azərbaycan” şirkəti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qabaqcıl texnologiyaların tətbiqi üzrə birgə İşçi Qrup çərçivəsində əməkdaşlıq, startapçılar üçün münbit şərait və ekosistemin yaradılması prosesinə qabaqcıl təcrübəyə malik "Microsoft" şirkətinin cəlb olunması, nazirliyin fəaliyyətinin rəqəmli texnologiyalara transformasiya olunması üzrə təhlükəsiz proqram təminatı ilə təchizat və s. kimi məsələlər də müzakirə mövzusu olub.

Reaksiya.az

Şərhlər