Qəri Counz: "Şəfəq-Asiman” perspektiv strukturu yeni "Şahdəniz" ola bilər

“Şəfəq-Asiman” perspektiv strukturu yeni "Şahdəniz" ola bilər.

Bu barədə Bakıda keçirilən XXV “Caspian Oil and Gas” konfransında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

O bildirib ki, 2010-cu ilin oktyabr ayında BP ilə SOCAR Xəzər dənizinin Azərbaycan sektorundakı "Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalayıb. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən "BP Exploration (Caspian Sea) Ltd." şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya, SOCAR isə qalan 50 faiz paya malikdir. "Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 min metrdir: "2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi "Şəfəq-Asiman" üzrə 3 ölçülü seysmik tədqiqat proqramını başa çatdırandan bəri biz əldə edilmiş məlumatın təhlilini aparırıq. Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3 ölçülü seysmik tədqiqatdır. 2014-cü ilin birinci yarısında məlumatın təhlili tamamlandı və onun interpretasiyasına başlanıb. “Şəfəq-Asiman” üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədir. “Şəfəq-Asiman” perspektiv strukturu yeni "Şahdəniz" ola bilər".(azərtac)

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar