Şərqi Abşeronda kənd təsərrüfatının inkişafının istiqamətləri

21.06.2018 23:13     Ecoreaksiya     1433

Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi və s. əsas prioritet sahələr hesab edilir. Azərbaycan bu günə qədər neft sənayesi ağırlıqlı bir iqtisadiyyata  sahib olsa da, ənənəvi olaraq aqrar ölkə statusuna malik olub. Məqalədə Şərqi Abşeronda kənd təsərrüfatının inkişaf istiqamətlərinə, bu istiqamətdə atılan uğurlu addımlara, qarşıya çıxan problemlərə və onların həlli üsullarına toxunulmuştur.

       Açar sözlər: Şərqi Abşeron, kənd təsərrüfatı, turizm, prioritet sahələr, aqrar ölkə, Zirə kəndi, pomidor təsərrüfatı, zəfəran bitkisi

Azərbaycan yeraltı və yerüstü sərvətlərlə zəngin bir ölkədir. Qara qızıl hesab edilən neftimiz, ağ qızıl adlandırdığımız pambığımız və saymaqla bitməyən təbii sərvətlərimiz var.   Respublikanın iqtisadiyyatında uzun illər mühüm yeri neft sənayesi tutmuşdur. Neft sənayesi XX əsrin əvvəllərində inkişaf etməyə başlamışdır və əsasən, Bakı ətrafı ərazilərdə yayılıb. Amma neft tükənən və bərpa olunmayan sərvətlərə aid olduğundan ölkə iqtisadiyyatının sütunlarını neft sənayesinin üzərində qurmaq düzgün deyil. Neft sənayesindən gələn gəlir hesabına qeyri-neft sektorunu inkişaf etdirməli və ölkə iqtisadiyyatının neftdən asılılığını maksimum dərəcədə azaltmaq lazımdır. Son bir neçə ildə bu istiqamətdə çoxsaylı tədbirlər görülmüşdür. Hal-hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi və s. əsas prioritet sahələr hesab edilir. Bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd etmək olar. Dünyada baş verən proseslər, neftin kəskin ucuzlaşması, daxildə isə manatın devalvasiyası fonunda bizi böhranın təzyiqindən qoruyacaq sahələrdən biri, hətta birincisi kənd təsərrüfatı olmalıdır. Azərbaycan bu gün nə qədər neft sənayesi ağırlıqlı bir iqtisadiyyata sahib olsa da, ənənəvi olaraq aqrar ölkə statusuna malik olub. Çünki ölkənin sahib olduğu qiymətli torpaqlar, yerləşdiyi coğrafi mövqe və sahib olduğu ənənələr yalnız bunu tələb edir.  Belə  ki,  ölkənin  məşğul  əhalisinin 44 faizə  yaxını  məhz  kənd  təsərrüfatında  çalışır.  Bu  səbəbdən  ölkədə  kənd təsərrüfatının  inkişafına  yönələn  ardıcıl  dövlət  proqramlarının,  islahatların  və yeni  texnologiyaların  cəlb  edilməsinin  həyata  keçirilməsi  nəzərdə  tutulur.

         Kənd təsərrüfatının əsasını südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük, gülçülük, quru subtropik meyvəçilik təşkil edir. İqlim şəraiti o  qədər əlverişlidir ki, hətta zeytun, zəfəran, püstə, badam və digər bitkilərin yetişdirilməsinə də imkan verir. Bakı ətrafı qəsəbələrdə istixana şəraitində mövsümi məhsullar yetişdirilir. Ölkə başçısının kənd təsərrüfatını daim diqqət mərkəzində saxlaması Abşeron rayonunun istixana sahəsinə olan təlabatını daha da artırıb. Kənd təsərrüfatının inkişafını şərtləndirən amillər aqrar sahədə müasir texnologiyaların tətbiqidir. Azərbaycanda da xarici ölkələrin təcrübəsindən yararlanaraq təsərrüfatları bu cür quranların sayı az deyil və günü gündən də artmaqdadır. Rayon ərazisində istixana kompleksləri Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları əsasında qurulub.

       Abşeron rayonunda kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni tələblərə uyğun strateji hədəflərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkədə müasir aqroparklar və daha iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində Abşeron rayonunda müasir infrastruktur qurulur. Rayonda tərəvəzçiliyin məhsuldarlığını artırmaq məqsədilə müasir istixanalar tikilir. Abşeronda iri və xırda sahibkarlığın, özəl sektorun və ümumiyyətlə, kənd təsərrüfatının inkişafı rayon icra hakimiyyətinin qarşıya qoyduğu əsas prioritet məsələlərdən biridir. Hazırda Abşeron ərazisində kənd təsərrüfatı müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, istixanaların tikilməsi yeni iş yerlərinin yaradılmasına zəmin yaradır.

     Bir zamanlar kəndin içərisindən axan kanal vasitəsilə becərilən qarpızı ilə məşhur olan Zirə kəndi indi öz pomidoruyla ad qazanmışdır. Zirə pomidoru özünəməxsus dadı və ətriylə ölkə hüdudlarından kənarda da məşhurdur. Səbəb kimi tərəvəzin yeraltı sularla becərilməsi göstərilir. Zirə pomidoru Azərbaycanda, eləcə də dünyada brend hesab edildiyindən mövcüd sahəyə təlabat gündən günə daha da artmaqdadır. Əsasən, 1 sortda, hibrit sortları yetişdirilir. Məhsulların böyük bir həcmi Rusiyaya ixrac olunur. Burada fəaliyyət göstərən istixanalarda müasir texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində enerji xərclərinə qənaət edilir. Bu da yetişdirilən məhsulun maya dəyərinin aşağı olmasına və xarici bazarlarda rəqabətə davamlı məhsul çıxarılmasına imkan verir. Zirə kəndində pomidordan əlavə göbələk təsərrüfatı da var ki, əhalinin tələbatını ödəməklə yanaşı xarici ölkələrə də ixrac olunur. Həmin müəssisənin daxilində zeytun əkini ilə də məşğul olunur. Məhsul zeytun yağı, duza qoyulmuş qara və yaşıl zeytun  növlərində qablaşdırılmış şəkildə əhaliyə təqdim olunur.

       Binə torpağı aşağı keyfiyyətli olsa da, suvarılan və gübrələnən torpaqlarda məhsuldarlıq yüksəkdir. Tipik boz-qonur torpaqlardır. Qəsəbə ərazisində yerləşən Beynəlxalq Hava Limanı şüalandırıcı və radioaktiv təsirinin ağaclara zərərverici təsiri müşahidə edilir. Bu amil nəzərə alınmazsa, qarağac, nar, badam, zeytun ağacları yaxşı bitir və məhsul verir.

      Abşeron torpağının altı qara qızılla zəngin olduğu kimi, üstü də qızıla bərabər nadir nemətlərin yetişdirilməsi üçün əlverişli məkandır. Azərbaycanda ən keyfiyyətli zəfəran Bilgəhdə yetişir. Hal-hazırda dünyanı zəfəranla İran təmin edir. Amma Abşeron zəfəranı öz ətri, rəngi, tamı və keyfiyyəti ilə seçilir. Hələ dünya bazarına çıxmayıb, amma yetişdirilməsinə önəm verilərsə, bu bitki dərman istehsalında əvəzolunmazdır. Ölkəmizdə yetişdirilən və ənənəvi olan hər bir məhsuldan maksimum yararlanmaq lazımdır. Zəfəran bitkisi də bunlardan biridir. Təəssüf ki, zəfəran sahələri Sovet dövrü ilə müqayisədə kəskin azalıb. Ən keyfiyyətli sayılan Bilgəh zəfəranının qramı 6-7 manatdır. Dünya bazarında isə bu qiymət daha çoxdur. Onun yetişdirilməsi üçün ən əlverişli şəraitin ölkəmizdə olduğunu nəzərə alsaq, deməli, zəfərançılıq neftdən daha gəlirli sahəyə çevrilə bilər. 1997-ci ilə qədər fəaliyyət göstərmiş Bilgəh zəfərançılıq savxozu zamanında Sovet ittifaqında milyonlar qazandırıb.

       XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlanda gülçülük savxozları fəaliyyət göstərib. Onlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi. Hazırda bu sahə ilə məşğul olanların sayı çox azdır. Fəaliyyət göstərən təsərrüfatlar yenə də əsasən, Bakı kəndlərindədir. Amma əvvəlkindən xeyli kiçikdirlər. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantem, kala yetişdirilir. Gülçülüyün inkişafını ləngidən bir sıra amillər var. Bunlara kadr azlığı, maliyyə çatışmamazlığı, satış bazarına daxil olmağın çətinliyi və s. daxildir. Sözügüdən amillərin aradan qaldırıldığı təqdirdə Azərbaycanda gülçülüyü yenidən inkişaf etdirmək və yüksək gəlir əldə etmək olar.

 

Fərqanə QAFAROVA

Reaksiya.az

Şərhlər