"MANATIN KƏSKİN DEVALVASİYASI ÜÇÜN HEÇ BİR ƏSAS YOXDUR" - İDDİALARA CAVAB

31.07.2018 15:56     Ecoreaksiya     1078

"200 manatın dövriyyəyə buraxılmasının devalvasiya üçün heç bir təsiri yoxdur”
 
Bu barədə "Sherg.az”a "bu ildən tədavülə buraxılacaq 200 manatın 2018-ci ilin sonu 2019-cu ilin əvvəlində devalvasi yaradacağı” ilə bağlı iddialara münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
 
Onun qənaətincə, dövriyəyə buraxılacaq 200 manatlıq əsginasla bağlı bir sıra əsassız fikirlər hələ də söylənməkdədir:
 
"200 manatın dövriyyəyə buraxılması ilə bağlı qərar var. Sadəcə, Azərbaycanda dövriyyədə olan pul kütləsi iyul ayında gözləntilərdən artıq şəkildə çoxalıb. Pul kütləsidə təqribən 70 faizə yaxın artım olub. Ona görə də 200 manatlıq tədavül vasitələrinin dövriyyəyə buraxılmasını gecikdirdilər. Amma sentyabr ayından sonra onlar dövriyyəyə buraxılacaq. Artıq bu barədə qərar da verilib. Bir neçə aydan sonra pulların hissə-hissə tədavülə buraxılması baş tutacaq. 
 
Birdən birə çap olunmuş 200 manatlığın istifadəyə buraxılması dövriyyədə olan manat kütləsini daha da artıra bilər. Bu da inflyasiya vasitələrinin artımına şərait yaradar. Ona görə də bu əsginaslar sentyabr ayından başlayaraq bu ilin sonuna kimi istifadəyə buraxılacaq. 200 manatlıq tədavül vasitəsinin çap edilməsinin devalvasiya ilə heç bir bağlantısı yoxdur. Çünki Azərbaycan manatı inzibati tənzimlənən rejimdədir. Yəni artıq üzən məzənnə rejimində deyil. 
 
Hətta bu prosesi Azərbaycan Mərkəzi Bankı da etiraf etdi. Tənzimlənən məzənnə rejimində pul kütləsinin artması birbaşa məzənnəyə təsir göstərmir. Azərbaycanda məzənnəyə ən çox təsir edən amil dünya bazarlarında neftin qiymətləridir. Hələki neftin qiymətləri 75 dollar civarındadır. Bu qiymətlərin də manata heç bir təhlükəli təsirləri yoxdur. Manata qarşı ciddi psixoloji basqılar var. Çünki qonşu ölkələrin milli valyutalarının dəyərdən düşməsini görürük. Rusiya və Qazaxıstandan sonra Türkiyənin də milli valyutası kəskin şəkildə dəyərdən düşür. Hətta İranın milli pulu əvvəlki dəyərinin üçdə birini itirib. 
 
Qonşu ölkələrdə gedən proseslər istər-istəməz Azərbaycan manatına və iqtisadiyyatına təsir göstərir. Buna görə də manatın ətrafında yüksək gərginliklərin olması normaldır. Amma hələlik Azərbaycanda manatın devalvasiyası üçün heç bir əsas yoxdur. Nə qədər ki, neftin qiyməti yüksək səviyyədədir, manatın məzənnəsində dəyişiklik gözlənilmir. Amma neftin qiymətlərinə ucuzlaşma baş verərsə, bununla əlaqədar olaraq manatın məzənnəsində də cuzi dəyişikliklər olacaq. Amma kəskin devalvasiyanın olması mümkün deyil”.

Şərhlər