Şabranda 26 km-lik yol yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 26 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır.

Agentlikdən  verilən məlumata görə, söhbət Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolundan gedir.

Tikinti layihəsinə uyğun olaraq yolun 19.7 km-lik hissəsində qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Bu işlərin həcmi 90 min kub.m-ə yaxındır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi üçün dağ yamacının kəsilməsi işləri də görülüb.

Daha sonra yolun 5.8-ci km-də Dəvəçi çayı üzərində uzunluğu 21 m, eni isə 8 m olan 1 aşırımlı körpünün tikintisi də layihədə yerinə yetirilməsi vacib olan işlərdəndir.

Layihənin sonuncu mərhələsində isə 12 yerdə avtobus dayanacaqları, həmçinin hərəkətin normal təşkili üçün 85 ədəd yol nişanı, 26 ədəd km göstərici və 1016 ədəd siqnal dirəyi quraşdırılacaq, 77.9 km uzunluğunda xətlənmə işləri aparılacaq.

Qeyd edək ki, 26 km uzunluğunda olan yolun 19.7 km-lik hissəsi çınqıl örtüklü idi. Uzun illər istismar olunmasına baxmayaraq yol indiyə qədər yenidən qurulmamışdı. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Yolun qalan 6.3 km-lik hissəsi asfalt-beton örtüklü olmasına baxmayaraq bu hissənin də əsaslı şəkildə təmirinə ehtiyac var idi.

Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu 5 yaşayış məntəqəsini əhatə etməklə 6 mindən artıq vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişi təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə şərait yaradacaq.

Reaksiya.az

Advertisement Banner

Şərhlər