Azərbaycanda hansı növ yanacaq bahalaşa bilər?

Son günlər Azərbaycana idxal olunan “Premium Euro-95” markalı benzinin qiyməti qalxacağı ilə bağlı xəbərlər əhalinin narahatlığına səbəb olub.

Bahalaşması gözlənilən “Premium Euro – 95” markalı benzin ölkəmizə xaricdən idxal olunur və bir litri 1.25 AZN-ə satılsa da, onun hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir. Qiymətlərin də məhz buna uyğunlaşdırılacağı haqqında məlumatlar yayılıb. 

Vətəndaşların təşvişinin əsas səbəbi bu prosesin davamı olaraq daha çox istifadə olunan “Aİ 92” markalı benzinin bahalaşmasıdır. Çünki bu növdən olan yanacağın qiymətinin artması ilə bütün sahələrdə qiymət artımına start verilə bilər. 

Artıq bu informasiya axınının təsiri ilə bəzi vətəndaşların avtomobilini satışa çıxarması ilə bağlı xəbərlər də dolaşır. Bəs görəsən, bütün bu deyilənlər nə dərəcədə əsaslıdır və bahalaşma gerçəkləşə bilərmi?

Mövzu ilə bağlı musavat.com-adanışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban yüksək oktanlı benzinin dünya bazarında da bahalaşdığını və buna yüksək neft qiymətlərinin səbəb olduğunu vurğuladı: “Xaricdən idxal olunan bu benzinin qiyməti neftlə birbaşa bağlıdır. Neftin qiyməti ilə bağlı proqnozlara gəlincə, OPEK-in iqtisadçı ekspertləri bildirirlər ki, ilin ikinci yarısında ABŞ-ın neft hasilatı ilə bağlı Amerika-OPEK qarşıdurması səngiməzsə, neftin qiymətinin 65 dollara qədər ucuzlaşması qaçılmazdır. Bu təkcə ABŞ-la bağlı deyil, bütün parametrlərə görə özünü göstərə bilər. OPEK-ə daxil olmayan və Rusiya, Qazaxıstan, həmçinin OPEK üzvü olan, lakin əvvəllər azalmış hasilatını bərpa etməyə çalışan Liviya kimi ölkələr də var. İran da vaxtaşırı hasilatını artırır. Bütün bunlar neft qiymətlərinin azalmasına gətirib çıxartmalıdır. Çünki tələb-təklif məsələsi özü təsirini göstərəcək. Bazara kifayət qədər yüksək həcmdə neft çıxarılacaq”.

Картинки по запросу İlham Şaban

Ölkəmizdə Premium markalı benzinin bahalaşması ilə bağlı xəbərlərə münasibət bildirən İ.Şaban qeyd etdi ki, Azərbaycanda sonuncu dəfə ötən il yüksək oktanlı benzinin qiyməti 10 qəpik bahalaşdı və 1.25 manat oldu: “O zaman dünya bazarında neftin qiyməti 60 dollardan bir qədər yuxarı idi. Cari ildə isə neftin qiyməti 70-75 dollar dəhlizində var-gəl edib. Benzinin bahalaşmaması üçün gərək yenidən neftin qiyməti 60 dollar səviyyəsinə düşə və yüksək oktanlı benzinin qiyməti də ona mütənasib olaraq azala. Bütün bunlar dünya bazarındakı proseslərdən asılı olduğu üçün, Azərbaycan bazarında yüksək oktanlı benzinin qiymətinin nə zaman dəyişəcəyini proqnozlaşdırmaq çətindir”. 

Ekspertin fikrincə, xaricdən idxal olunan benzinin qiymətinin dəyişməsi ilə bağlı daha bir məqam bu prosesin karter sövdələşməsi ilə həyata keçirilməsidir: “İkinci bir məqam isə odur ki, 2014-cü ilin aprel ayının 1-dən yüksək oktanlı benzinin qiymətinin dövlət tərəfindən tənzimlənməməsinə və bazarda sərbəst müəyyən edilməsinə qərar verilsə də, biz bunu bazarda müşahidə etmirik. Bu istiqamətdə heç bir addım atılmır. Ölkədə təxminən 1000-ə yaxın yanacaqdoldurma məntəqəsi var və onlar hamısı karter sövdələşməsinə girərək eyni qiymət tətbiq edirlər. Eyni vaxtda qiyməti dəyişirlər. Bu sahədə sərbəst bazar qaydalarına keçilsəydi çox yaxşı olardı, ancaq təəssüf ki, bu olmadı. Lakin tətbiq edilsəydi, istehlakçılar üçün də faydalı olardı. İlk günlər şok effekti yaratsa da, sonradan bunun müsbət tərəflərini hiss edəcəkdilər”.

İqtisadçı onu da qeyd etdi ki, Aİ 92 markalı benzinin qiymətinin dəyişməsi üçün isə heç bir əsas yoxdur: “Çünki bu yanacaq növünün istehsalçısı olan Heydər Əliyev adına Neft Emalı Zavodu keyfiyyətdə heç bir dəyişiklik etməyib, benzin əvvəlki qaydasındadır. Bu zavodun 2018-ci ilə qədər modernləşdirilib daha yaxşı keyfiyyətdə benzin istehsal edəcəyinə söz verilsə də, həyata keçirilmədi. Bu proses uzanır və 2021-ci ilin sonu üçün zavodun tam modernləşdiriləcəyini vəd edirlər. Hazırki benzinə nə üçün artıq pul ödəməliyik. Zavodun təmir işlərini ayrılan vəsait də dövlət büdcəsindən, yəni vətəndaşların ödədiyi vergilərdən və Dövlət Neft Fondundan ödənilir. Neft xalqa məxsus olduğu üçün, Dövlət Neft Fondundakı vəsaitdə də hər bir vətəndaşın payı var. Yəni, təmir üçün ayrılan vəsaiti Dövlət Neft Şirkəti ödəmir. Bu baxımdan Aİ 92 markalı benzinin bahalaşması üçün iqtisadi şərtlər yoxdur”.

Картинки по запросу Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov

Məsələni şərh edən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov da Aİ 92 markalı benzinin bahalaşmasını arzuolunmaz hesab etdi: “Bu barədə yayılan məlumatları mən də mətbuatdan oxudum. Lakin qeyd etmək istəyirəm ki, Aİ 92 markalı benzinin qiymətinin artırılmasına hazırda heç bir zərurət yoxdur. Doğrudur, Premium markalı benzin xaricdən idxal olunur, ola bilər ki, onun qiymətində dəyişiklik olsun. Lakin əhalinin daha çox istifadə etdiyi Aİ 92 markalı benzinin qiymətinə toxunmaq olmaz. Çünki yanacaq bahalaşan kimi dərhal digər məhsulların qiyməti də qalxacaq. O baxımdan buna getmək olmaz. Ola bilər ki, müəyyən qurumların müraciəti ilə Tarif Şurasında bu məsələyə baxılsın. Lakin hələlik qiymət artımı ilə bağlı danışmaq tezdir. Yanacaq bütün məhsulların maya dəyərində yer tutur, ona görə də ehtiyatla yanaşmaq lazımdır. Mənim fikrimcə, hazırda buna ümumiyyətlə ehtiyac yoxdur”. 

Məsələ ilə bağlı Tarif Şurasından isə bildirildi ki, “Aİ-95 Premium” markalı benzin idxal benzini olduğu üçün onun qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmir. Eləcə də, Tarif Şurasında “Aİ-92” markalı benzinlə bağlı müzakirə aparılmır.(Musavat.com)

Reaksiya.az

Advertisement Banner

Şərhlər